22 Fevral 2017 12:38
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində Zaur Babayev ifadə verib.

O, Oqtay Rüstəmovu tanıdığnı deyib. Bildirib ki, "Kompas" firmasında işləyib, Oqtay Rüstəmovu görsə də, onun adını bilməyib. Şahidin sözlərinə görə, tikinti işləri ilə bağlı nazirliklə müqavilə bağlayıblar.

Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev prosesdə səs-küy salıb. Deyib ki, hər prosesə bir şahid gəlir: "Bizimdə işimiz çoxdur. Maraqlanın, niyə şahidlər prosesə gəlmirlər.... Bir şahidə görə hər gün bura niyə gəlib-gedirik".

Hakim cavabda deyib ki, şahidlərin məcburi gətirilməsi ilə bağlı məhkəmə qərar çıxarıb: "Şahidlər gətiriləcək. Vəkilin vəzifəsi prosesdə iştirak etməkdir. Məhəmməd Məmmədov pulunu ödəyib , vəkil də prosesdə iştirak edir".

Vidadi Zeynalovun vəkili Elxan Süleymanov mühəndis ekspertizasının təyin edilməsi barədə vəsatət vermək istəyib. Hakim bildirib ki, işdə olan ekspertiza rəyləri tədqiq olunandan sonra bu vəsatətə baxıla bilər. Əlavə edib ki, məhkəmə istintaqı yekunlaşmayıb: "Sənədlərin araşdırılması mərhələsi davam edir. Sona kimi Vidadi Zeynalovun ifadə vermək hüququ var. O, sonda ifadə vermədiyi halda istintaq ifadəsi elan ediləcək".

Daha sonra Vidadi Zeynalovun vəkili vəsatətini verib, vəsatətində görülən işlərin qiymətləndirmə işləri ilə bağlı maliyyə vəsaitlərinin şişirdildiyini qeyd edilib.

Vəkil bildirib ki, Maliyyə Nazirliyinin ekspertləri qiymətləri şişirdiblər, həmin dövrdə dolların məzənnəsi manata nisbətən aşağı olduğu halda pulların məbləği yüksək göstərilib.

Vəkil qeyd edib ki, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və digər adiyyəti qurumların yoxlama aparması nəticəsində tətbiq olunan aktlarda ziddiyyətlər var. Vəkil ekspertiza rəylərində olan yanlışlıqları məhkəmənin diqqətinə çatdırıb.

Vəkil bildirib ki, katrovka və tenderlərdə görülən işlər qanunidir: "Burada qiymətlərin şişirdilməsindən söhbət gedə bilməz. Çünki qiymətlər razılaşdırılıb və işlər görülüb".

Vəkil vəsatətində mühəndis-texniki ekspertizasının təyin edilməsini istəyib.

Daha sonra Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov da vəsatətlə çıxış edib. Vəkil vəsatətində Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş əmlaklara toxunub. Bildirib ki, həmin əmlakların real alıcıları var: "Qəbul edirik ki, dövlətə dəymiş ziyan ödənməlidir. Buna görə də həbs qoyulan əmlakların üzırindən həbs götürülsün. Həmin əmlaklar satılsın və dəymiş ziyanın ödənilməsinə yönəldilsin.

İki əmlakın ünvanı var, həmin əmlakları ünvanlarını məhkəməyə təqdim edirik. Xahiş edirik, vəsatətimiz təmin olunsun".

Hakim deyib ki, hər iki vəsatət iş materallarına əlavə edilir və müzakirəsi sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra aparılacaq.

Daha sonra hakim üzrlü səbəbdən məhkəməyə gəlməyən şahidlərin ifadəsini elan edib.

Sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Hakim ilk olaraq iş materiallarında olan ekspertiza rəylərini elan edib. Vidadi Zeynalov ekspertiza rəylərə etiraz edib. Bildirib ki, həmin rəyləri verən ekspertlər məhkəməyə gətirilsin və həmin ziddiyyətlər aydınlaşdırılsın".

Daha sonra təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində tutulması barədə qərarlar, təqsirləndirilən şəxslərin ifadələri və digər sənədlər elan edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər