22 Fevral 2017 16:16
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış mərhum yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə zərərçəkmiş İlahə Əliyeva Əziz Kərimzadəyə 30 min manat pul verdiyini deyib.

Əziz Kərimzadə deyib ki, İlahə Əliyevanın oğlu Kamran Əlizadə şahid kimi ifadə verməlidir. Onun sözlərinə görə, İlahə Əliyeva ifadəsində gah 20, gah 25, gah da 30 min manat zərər çəkdiyini deyib: “İlahə Əliyevanın ifadəsi yalandır. Əgər oğlu ifadə versə, dindirilsə, yalan dediyi üzə çıxacaq. Ona görə də məhkəmədən xahiş edirəm ki, Kamran məhkəməyə gətirilsin”.

İlahə Əliyeva bildirib ki, oğlu Türkiyədə təhsil aldığı üçün məhkəməyə gələ bilmir. Hakim Rahib Salmanov qeyd edib ki, Kamran Əlizadənin məhkəməyə gəlməsi üçün çağırış göndəriləcək.

İlahə Əliyeva oğlunun istintaq zamanı ifadə verdiyini deyib. Hakim isə bildirib ki, şahidin məhkəmədə də dindirilməsi vacibdir.

İlahə Əliyeva ona dəymiş zərərin ödənilməsini istəyib: “Banka borcum artıq 70 minə çatıb. Əzizin bacısı hərdən maraqlanırdı. Sonra mən onlardan xahiş etdim ki, heç olmasa bankın borcunu ödəsinlər. Ancaq ödəmədilər”.

Əziz Kərimzadə isə yenə də məhkəmədən möhlət istəyib və zərərin ödəniləcəyini deyib. Hakim Əziz Kərimzadəyə dəymiş ziyanı ödəmək üçün növbəti dəfə vaxt verib.
Qeyd edib ki, uzun müddətdir bu məhkəmə prosesi gedir.

Hakim təqsirləndirilən şəxsin rəhmətlik atasına görə ona hörmət qoyduğunu, növbəti dəfə vaxt verdiyini deyib: “Sizə hörmət edirik. Rəhmətlik kişi respublikada tanınmış, ziyalı insandır. Amma biz qədərindən artıq hörmət edə bilmərik.

Son olaraq sizə bir neçə gün vaxt veririk. Digər şahid Kamran Əlizadənin də məhkəməyə gətirilməsinə çalışacağıq. Siz də bu vaxta qədər nə edirsinizsə, edin”.

Proses martın 3-də davam edəcək.

Əziz Kərimzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu iş üzrə 4 nəfər zərərçəkmiş şəxs var.

O, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub. Əvvəllər də dələduzluq əməli törədib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmiş, məhkəmə zalından azadlığa buraxılmışdı.

Hacı Zeynalov


Müəllif: