Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının zərərçəkən vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Badamdar qəsəbəsində evləri qarət etməkdə şübhəli bilinən mütəşəkkil dəstə üzvləri - Ağarəhim Əliyev, Cavid İsazadə, Təhməz Əsgərov, Mənsur Məmmədov, Orxan Quliyev, Rişan Bayramov, Nicat Əliyev və Camal Heydərov tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə,
istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar Badamdar qəsəbəsində 10 mənzil və 1 mağazadan qızıl-zinət, məişət əşyaları və pul oğurlamaqla zərərçəkənlərə külli miqdarda ziyan vurublar.
Onlar oğurluq edəcəkləri mənzillərin yerini əvvəlcədən müəyyən ediblər. Bir neçə evdən oğurluq etmək təklifi isə dəstə üzvü Orxan Quliyevdən gəlib. O, gecə evdə olmayan qonşuları barədə digər dəstə üzvlərinə qabaqcadan məlumat verib.
Faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hacı Zeynalov