24 Fevral 2017 17:51
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə bizneslə məşğul olan iş adamı, zərərçəkmiş Bahəddin Sultanovun epizodu üzrə dinləmə olub.

Məlumat üçün bildirək ki, Bahəddin Sultanov və oğlu İntiqam Sultanov 2008-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialının rəhbəri Zal Yusifovun cinayət işi üzrə saxlanıblar. Həmin vaxt Bahəddin Sultanov özünün həbsdən azad edilməsi üçün 370 min manat Vüsal Ələkbərova verib, oğlu isə mühakimə olunub.

Şahid qismində ifadə verən İntiqam Sultanov bildirib ki, 2008-ci ildə MTN-ə çağırılıb: “Həmin vaxt mənim 21 yaşım vardı. Bu yaşda həbs etməklə Vüsal Ələkbərov məni bədbəxt etdi...”

Bu zaman Vüsal Ələkbərovla şahidin arasında mübahisə yaranıb. Vüsal Ələkbərov bildirib ki, heç kimi bədbəxt etməyib: “İntiqam Sultanov konkret cinayət törədib, buna görə həbs edilib. Onun barəsində qanuni hökm var”.

Hakim tərəfləri sakitləşdirəndən sonra İntiqam Sultanov ifadəsini davam etdirib: “Mənə MTN-də Vüsal Ələkbərov dedi ki, bankdan 570 min manat kredit götürmüsüz, onu ödəmək lazımdır. Amma biz bankdan belə bir məbləğdə kredit götürməmişdik. Kredit götürmək üçün banka müraciət etmişdik və fermamızın təsdiq olunmuş sənədlərinin surətini Zal Yusofova vermişdik. Sonradan kredit alınmadı və bizdə sənədlərimizi geri götürdük. Saxlanılan zaman Vüsal Ələkbərov mənə dedi ki, deyilən məbləği ödə, yoxsa səni bədbəxt edəcəm. Məni Zal Yusifovla üzləşdirməsini tələb etdim. Amma bizi üzləşdirmədi. Yenə də pul tələb etdi.

Bildirdi ki, fermanız var, fermanı sat, pulu ödə. Bunu etmədiyimiz üçün məni həbs elədilər. Sonradan şərti cəza ilə həbsdən azad edildim”.

İntiqam Sultanovun sözlərinə görə, kreditin götürülməməsini Zal Yusifov da, onun oğlanları da təsdiqləyə bilər: “Bu hadisələr baş verməmişdən əvvəl bankdan 1 milyon manat kredit götürməli idik. Bununla bağlı Zal Yusifovun oğlu İslamla birlikdə banka gedib-gəlirdik. Bir çox sənədlər topladıq, həmin sənədləri imzaladıq.

Sonradan İslam dedi ki, kreditin verilməsi alınmır. Bundan sonra bizə pul lazım oldu, biz də fermanı satdıq. Bundan 7-8 ay sonra Zalı həbs etdilər. Mənə MTN-dən zəng gəldi. Vüsal Ələkbərov fermanın sənədlərinin surətini qarşıma qoydu, məni bankdan 570 min manat pul götürməkdə ittiham etdi.

Mənimlə bağlı qurulan məhkəmədə bankdan kredit götürmədiyim məlum oldu. Buna görə də barəmdəki dələduzluq ittihamına xitam verildi. Sənədlərin saxtalaşdırılması ittihamı ilə şərti cəzaya məhkum olundum”.

Zərərçəkmiş Bahəddin Sultanov isə qeyd edib ki, nə özünün, nə də oğlunun Zal Yusifovla əlaqəsi olub: “İndi Vüsal Ələkbərov deyir ki, oğlum cinayətkardır. Görəsən, oğlum hansı cinayəti törədib? İndi burada Vüsal Ələkbərov belə ifadə səsləndirir. Oğlumu işə qoya bilmirəm, deyirlər ki, məhkum olunub”.


Vüsal Ələkbərov isə ata və oğulu yalan danışmaqda ittiham edib. Bildirib ki, İntiqam Sultanova dələduzluqda iştirakçılıq ittihamı verilib: “Məhkəmədə həmin ittihamı sənədlərin saxtalaşdırılmasına tövsüf edib. İndi burada danışırlar, amma cinayət törətmələri ilə bağlı məhkəmənin qanuni hökmü var. Burada məni ittiham edirlər, camaatı üstümə qızışdırırlar”.

Bu zaman şahidlə Vüsal Ələkbərovun arasında mübahisə yaranıb:

İntiqam Sultanov:
-Adam kişi olar.

Vüsal Ələkbərov:
-Mən kişiyəm.

İntiqam Sultanov:
-Kişi olduğunu görürük.

Vüsal Ələkbərov:
-Mən kişiyəm, kişi kimi də cəzamı çəkəcəm. Veriləcək heç bir cəzadan qorxmuram. İstəyirlər 15-18 il cəza versinlər.


Hakim şahidlə Vüsal Ələkbərovun mübahisəsini sakitləşdirəndən sonra digər zərərçəkmiş Hüseyn Səfərov mübahisə etməyə başlayıb.

Hüseyn Səfərov:
-Evimizi yıxıbsan, indi burada danışırsan.

Vüsal Ələkbərov:
-Mən heç kimin evini yaxmamışam. Cinayət törətmisiz, cəzanızı da alıbsız.

Hüseyn Səfərov:
-Sən alçaqsan.

Vüsal Ələkbərov:
-Məni təhqir eləmə.

Hüseyn Səfərov:
-Sən təhqir olunmağa layiqsən.

Vüsal Ələkbərov:
-Hörmətli hakim, məni təhqir edirlər, sizdə təhqir olunmağıma göz yumursuz. Məni müdafiə etmirsiz. Bəs məni kim müdafiə edəcək?.

Hakim:
-Biz obyektiv işə baxırıq. Heç kimi müdafiə etmirik. İşin hərtərəfli araşdırılmasını aparırıq. Amma siz burada biz hakimlərə hücuma keçirsiz.

Vüsal Ələkbərov:
-Mən heç bir hücuma keçmirəm.

Hakim:
-Hakim hücuma keçirsiz. İmkan verin məhkəmənin hüquqin müstəvidə aparaq. Məni ciddi tədbirlər görməyə məcbur etməyin.

Tərəflər sakitləşəndən sonra prosesdə Bahəddin Sultanovun qardaşı Mirzə Paşayev ifadə verib. Onun sözlərinə görə, qardaşının MTN əməkdaşlarına pulun verilməsində iştirak edib. Pulu Mövlam Şıxəliyevlə Vüsal Ələkbərova veriblər.

Vüsal Ələkbərov isə qeyd edib ki, bu şəxslərdən pul almayıb, ona böhtan atırlar. Bu zaman Hüseyn Səfərovla təqsirləndirilən şəxsin vəkilləri arasında mübahisə yaranıb.

Hüseyn Səfərov deyib ki, MTN-də Vüsal Ələkbərov və Mövlam Şıxəliyev cinayətkarlıq yuvası yaradıb: “Belə vəkillərdə cinayətkar yuvanın sahiblərini müdafiə edirlər”.

Vüsal Ələkbərovun vəkilləri zərərçəkmişin ifadəsinə etiraz ediblər: “Bizim vəzifəmiz müdafiə etməkdir. Cinayət yuvasını yox, şəxsi müdafiə edirik”.

Hakim tərəfləri sakitləşdirəndən sonra şahid qismində İbrahim Əsgərov ifadə verib. O, bildirib ki, Bahəddin Sultanovun uşaqlıq dostu olub və onun MTN-də yaranan problemləri ilə bağlı maliyyə köməkliyi göstərib.

Vəkillərin şahidə suallar verməsi zərərçəkmiş Hüseyn Səfərovun yenə də etirazına səbəb olub: “Burada vəkillər 370 mini suallarında firladırlar. Deyin, Vüsal Ələkbərov pulu alıb, gətirin camaatın pulunu ödəyin”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər