Fevralın 24-də Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.
Teleqraf.com-un DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirib ki, öz tarixinin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 25 il əvvəl Xocalıda üzləşib. Nazir müavini vurğulayıb ki, yalnız xalqın təkidli tələbilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi sayəsində dinc əhalimizə qarşı törədilən soyqırıma obyektiv hüquqi-siyasi qiymət verilib, Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunub, 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Prezident sərəncamı imzalayıb.
Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalmış xocalıların, eləcə də ərazi bütövlüyümüz və suverenliyimiz uğurunda canlarından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu deyən polis general-leytenantı Oruc Zalov qeyd edib ki, illər keçməsinə baxmayaraq, qətliam qurbanlarının əziz xatirəsi anılır, dünya ictimaiyyəti Xocalı faciəsini yad edərək Azərbaycanla həmrəy olduğunu bildirir, millətçilərin törətdikləri bədnam əməlləri pisləyir.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyanın hər yerində yayılmasını, beynəlxalq aləmin məlumatlandırılmasını, torpaqlarımızın işğal faktı və Xocalı soyqırımı ilə bağlı xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyini diqqətə çatdıran nazir müavini vurğulayıb ki, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü artıq ifşa olunub və dünya ictimai fikri Xocalı qətliamını soyqırımı kimi qəbul edir.
Nazir müavini O.Zalov bu gün Azərbaycanın bölgədə həlledici söz sahibinə çevrildiyini, ölkəmizin dünyada gedən mühüm proseslərlə bağlı öz prinsipial mövqeyini ortaya qoyduğunu, iqtisadi potensialımızın, siyasi və hərbi qüdrətimizin durmadan artdığını, ordumuzun hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu xatırladaraq dövlətimizin öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə möhtərəm dövlət başçımızın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırıb.
O, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verdi, onların problemləri və qayğıları ilə maraqlandı, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirdi.
Şəhid ailələri adından çıxış edənlər - Vərziyar Əliyeva, Qiymət Kərimova və Şamilə Məmmədova onlara göstərilən diqqət, qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.