27 Fevral 2017 13:14
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Müğdət Həşimovun vəkili Elçin Sadıqov müdafiə nitqi ilə çıxış edib.

O bildirib ki, müdafiə etdiyi şəxs şərlənərək həbs edilib.

Elçin Sadıqovun sözlərinə görə, Müğdət Həşimov klinikanın avadanlıqlarının alınmasına özü də vəsait qoyub. Vəkil deyib ki, burada mənimsəmədən söhbət gedə bilməz, Müğdət Həşimov klinikaya 40 min manat vəsait ayırıb: "Müğdət Həşimova məxsus rentgen aparatı Ramazan Zeynalovdadır. Həmin aparatdan bəhrələnir".

Elçin Sadıqov qeyd edib ki, Müğdət Həşimov Ramazan Zeynalovdan 70 min manatı borc alıb: "Burada tərəflərin arasında borc müqaviləsi ilə bağlı sənəd var. Buna görə də Müğdət Həşimova dələduzluq və mənimsəmə ittihamı ilə bağlı bəraət verilməlidir".

Elçin Sadıqov əlavə edib ki, məhkəmədə yeni qanuna görə vergi cinayətinə baxıla bilməz: "Bu maddə üzrə verilən ittiham baxılmamış saxlanılmalıdır".

Vəkil qeyd edib ki, prokuror çıxışında Müğdət Həşimovun ailə vəziyyətini nəzərə almayıb.

Proses martın 2-də davam edəcək.

Bundan əvvəl keçirilən prosesdə prokuror Müğdət Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Müğdət Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib.

Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib. Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi.

“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.


Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib.
İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər