Bakının Səbail rayonunda müştərisinə qarşı quldurluq edən taksi sürücüsü saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsi 41-ci polis bölməsinə Abşeron rayon sakini Mətləb Rüstəmov müraciət edib.
O, Badamdar qəsəbəsində yerləşən çay evlərindən birindən çıxaraq taksiyə əyləşdiyini və həmin avtomobilin sürücüsü tərəfindən bıçaqla hədələnərək 400 manat pulunun alındığı bildirib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Nemət Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən Nemət Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-nin 41-ci PB-nə müraciət edə bilərlər.
Hacı Zeynalov