Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan və hazırda həbsdə olan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşı Vidadi Huseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevannın sədrliyi ilə Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Prosesdə təqsirləndirilən şəxs hakimlərə etiraz etməyib və işin məhkəmə baxışına verilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili də, prokuror da eyni mövqedən çıxış edərək işin məhkəmə baxışına verilməsinə etiraz bildirməyiblər.
Məhkəmə baxışı martın 15-nə təyin edilib.
İttihama görə, Vidadi Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında həbs edilib. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Vidadi Hüseynovun üzərindən 12,360 qram heroin aşkar edilib.
Vidadi Hüseynov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Hacı Zeynalov