Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyi sifariş verən Tural Hüseynov və cinayətin icraçısı Vüqar Kərimovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə şahid Telli Məmmədovun səhhəti ilə bağlı məhkəməyə gəlmədiyi məlum olub. Tərəflər onun məhkəməyə gəlməməsinə etiraz etməyib. Buna görə onun ifadəsi elan edilib.
Müdafiə tərəfi Tural Hüseynovun zərərçəkmiş Nuranə Hüseynova ilə olan "votsap" yazışmasının işə əlavə edilməsini istəyib. Hakim həmin sənədin işə əlavə edildiyini və tədqiq olunduğunu bildirib.
Təqsirləndirilən Tural Hüseynov məhkəmədə qisqanclıq zəminində qisas almaq istəmədiyini deyib. Eyni zamanda bildirib ki, cinayətin sifarişçisi olmayıb: "Vüqara borcum vardı".
Hakim təqsirləndirilən şəxsin tez-tez ifadəsini dəyişməsinə etirazını bildirib. Soruşub ki, Vüqar Kərimov pul borcuna görə cinayəti törədib? Təqsirləndirilən şəxs hakimin bu sualına cavab verə bilməyib.
Vüqar Kərimovun vəkili belə Tural Hüseynovun bu ifadəsinə etiraz edib: "Belə danışmaqla Vüqar Kərimovun işini ağırlaşdırırsan".
Daha sonra iş materallarında olan sənədlər elan edilib. Tural Hüseynovun vəkili bildirib ki, zərərçəkmiş sonuncu məhkəmə iclasında səhhətinin normallaşdığını deyib. Vəkil bu halın təqsirləndirilən şəxslərin işinin yüngülləşdirilməsi kimi qiymətləndirilməsini istəyib.
Zərərçəkmiş Nuranə bildirib ki, səhhəti ağırdlr, Tural Hüseynovu bağışlamır: "Hadisədən sonra bir gözüm kor olub, buna görə də ərimi bağışlamıram. İşin icraçısı mənə dəymiş ziyanı ödəsə, onu bağışlayaram".
Hakim də qeyd edib ki, zərərçəkmiş şəxsin bir gözü kor olub, bu da işin ağırlaşdırılması kimi qiymətləndirilir.
Daha sonra hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirlərini öyrənib. Tərəflər etiraz etməyiblər. Hakimlər məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər və çıxış üçün prokurora söz verilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Bu səbəbdən proses martın 14-nə təyin edilib.
İttihama görə, dəhşətli hadisə Pirallahı rayonunda baş verib. Gənc qadının – iki uşaq anasının üzünə "kislota" atıblar. Cinayətin nəticələri çox ağırdır, qadın kor olub.
Pallahı rayon Polis İdarəsinin əməkdaşları cinayəti törədən qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçisi 1987-ci il təvəllüdlü Tural Hüseynovu, icraçısı isə 1981-ci il təvəllüdlü Vüqar Kərimovu saxlayıblar.
İstintaq zamanı müəyyən edilib ki, Vüqar Nuranəyə evinin yanında pilləkənlərlə düşərkən hücum edib. Tural dindirmədə deyib ki, həmin gün arvadını evdən bəhanə ilə çıxarıb. O, arvadına zəng edib və deyib ki, tanışının yanında pul qoyub, gedib pulu götürmək lazımdır. Qadın keçmiş ərinə inanıb, amma pilləkənlərdən düşməyi çatdırmamış Vüqar Kərimov ona hücum edib.
Tural sifarişin yerinə yetirilməsi üçün Vüqara pul vəd edib, amma ödəməyi çatdırmayıb. Tural Hüseynov və Vüqar Kərimov Cinayət Məcəlləsinin 126.2.3-(xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) maddəsi ilə ittiham edilir.
Hacı Zeynalov