Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmə istintaqı başlanıb.
Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Xətai rayonunda 1979-cü il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb.
Məlum olub ki, Dilarə Hüseynovanı 1974-cü il təvvəllüdlü əri Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb. Dəhşətli cinayət ailənin iki azyaşlı övladlarının gözləri qarşısında baş verib.
Əri tərəfindən taxta ilə döyülərək öldürülən Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Namiq Əkbərzadə narkotik maddə istifadəçisi olub.
Elan olunmuş ittiham üzrə Namiq Əkbərzadə özünü təqsirli bilməyib. Bildirib ki, həyat yoldaşı ilə daim mübahisəsi olub. Günün çox hissəsində aralarında söz-söhbət olduğunu söyləyən Namiq Əkbərzadə deyib ki, hadisə baş verən günü qayınanası onlara gəlib: “Onlar da bilirdi ki, aramızda həmişə mübahisə olur. Çünki Dilarənin başında çatışmazlıq vardı, çox vaxt səy-səy danışırdı.
Dilarənin anasına dedim ki, qızının çatışmazlığı var. Sözünü bilmirdi, həmişə söyüş söyürdü”.
Namiq Əkbərzadənin sözlərinə görə, hadisə baş verən günü Dilarə ona “uşaq səndən deyil” deyib: “Bu hqda Dilarənin anasına xəbər verdim. Daha sonra qayınanam getdi”.
Təqsirləndirilən şəxs qayınanası evlərinə gedəndən sonra cinayət hadisəsi törədib. O, qeyd edib ki, Dilarəni yatdığı yerdə öldürməyib: “Həmin vaxt Dilarə yatmışdı. Onu yuxudan oyatdım. Soruşdum ki, uşaq kimdəndir? Yenə mübahisə düşdü. Dilarəyə taxta ilə 2 dəfə zərbə endirdim. Həmin vaxt uşaqlar yatmışdı. Sonra evdən çıxdım, polisə gedib cinayət törətdiyimi söylədim. Onlara ünvanı dedim, sağ olsunlar, bizim evə gəldilər. Dilarənin öldüyü məlum oldu”.
Namiq Əkbərzadə qeyd edib ki, Dilarə həyatda sönmüş insan olub: “O, xoşbəxtliyin nə olduğunu bilmirdi”.
Qətlə yetirilən Dilarə Hüseynovanın qardaşı Əli Hüseynov zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb.
O, bildirib ki, Namiq Əkbərzadənin qadınlara qarşı xofu olub: “Bacım onunla boşanmaq istəyirdi. Hadisənin səhəri polislər zəng edib, Dilarənin qətlə yetirildiyini dedi. Namiq əvvəllər Rusiyada işləyirdi. Orada vəziyyət pisləşən kimi ölkəyə gəldi. Sonradan halı dəyişdi, çünki Namiqdə kompleks var idi”.
Proses martın 16-da davam edəcək.
Hacı Zeynalov