Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun apelyasiya şikayətinə baxılıb.
Jurnalistin vəkili Elçin Sadıqov Teleqraf.com-a bildirib ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Abuzər Cəfərovun şikayəti qismən təmin edilib və onun cəzası 4 ilə endirilib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyirdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abuzər Cəfərov 5 il müddətinə azadlıqdan məhrum olunub. Ötən il Şamaxıda tutulan jurnalistdən 7-8 nəfər şikayət edib. Abuzər Cəfərov həmin şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib. Abuzər Cəfərov “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı ilə əməkdaşlıq edib.
O bundan qabaq da məhbusluq həyatı yaşayıb.
Hacı Zeynalov