Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Yunis Məmmədov, Xəqani Davudov və Elmir Ələsgərov ifadə veriblər.
Yunis Məmmədov bildirib ki, 2015-ci il noyabrın 5-də bir qrup şəxs Sabunçu rayon Polis İdarəsinin inzibati binasının qarşısında toplaşıb. Polis əməkdaşının sözlərinə görə, həmin şəxslər Elçin Qasımova azadlıq tələb ediblər. Zərərçəkmiş həmin vaxt polis idarəsinin qarşısına toplaşan şəxslərin polislərə müqavimət göstərdiyini deyib. Digər iki zərərçəkmiş də eyni ifadə veriblər. Zərərçəkmişlər hadisə zamanı qandallarının itirdiklərini, xəsarət aldıqlarını bildiriblər.
Proses martın 17-də davam edəcək.
Hacı Zeynalov