11 Mart 2017 22:12
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup müəllimə qarşı dələduzluq etməkdə təqsirli bilinən Solmaz Sədiyevanın məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Solmaz Sədiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, zərərçəkmişlər hakimə etiraz edirlər. Zərərçəkmiş müəllimələr vəkil vasitəsi ilə məhkəməyə etiraz məktubu göndəriblər.

Məhkəmədə zərərçəkmiş kimi tanınan bir qrup müəllimənin vəkili bildirib ki, hüquqlarını müdafiə etdikləri şəxslər məhkəməyə sədrlik edən hakimə və tərkibdə olan digər hakimlərə etiraz edirlər. Vəkil etiraz məktubunu məhkəmədə elan edib.

Zərərçəkmiş müəllimələr etiraz məktublarında qeyd ediblər ki, onlar məhkəmə araşdımasından narazıdırlar.

Müəllimələr iddia edirlər ki, məhkəməyə sədrlik edən hakim Tamila Nəsrullayeva və tərkibdə olan digər hakimlər- Novruz Kərimov və Ramella Allahverdiyeva işə qərəzli şəkildə yanaşır.

Məhkəmə istintaqının düzgün aparılmadığından narazı olan müəllimələr həmçinin bildiriblər ki, məhkəməyə sədrlik edən hakim Tamila Nəsrullayeva dələduzluqda təqsirləndirilərək həbs edilən Solmaz Sədiyevanın böyük bacısı Tamilla Əliyeva ilə rəfiqə olub və bir zamanlar eyni qəsəbədə - Zabratda yaşayıblar.

Müəllimələr məktublarında yazırlar ki, hakim bu tanışlığa görə işə qərəzli yanaşır.

Vəkil bildirib ki, müəllimələr bu məktubun bir nüsxəsini Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə, bir nüsxəsini isə Ali Məhkəmənin sədrinə də ünvanlayıblar.

Hakim Tamilla Nəsrullayeva müəllimələrin məktubunun qəbul edildiyini, ancaq müzakirəsinin onların iştirakı ilə aparılacağını deyib.

Hakim qeyd edib ki, onun təqsirləndirilən şəxs Solmaz Sədiyevanın böyük bacısı ilə rəfiqə olmağı göstərilib: “Mən Tamilla Əliyeva adlı şəxsi tanımıram. Düzdür, mən Zabrat qəsəbəsində yaşamışam. Amma bu onu deməyə əsas vermir ki, mən Tamilla Əliyevanı tanımalıyam. Mən 1970-ci ildə Zabratda 81 nömrəli orta məktəbi bitirmişəm. Sonra da universitetə daxil olmuşam. 1985-ci ildən isə Zabratdan köçərək şəhərdə yaşamağa başlamışam. Adı çəkilən xanım adaşım olsa da, heç vaxt görməmişəm və tanımıram”.

Təqsirləndirilən Solmaz Sədiyeva isə qeyd edib ki, böyük bacısı Tamilla Əliyeva 2012-ci ildən İtaliyada yaşayır.

Məhkəmənin növbəti iclasında zərərçəkmiş kimi tanınan müəllimələrin iştirak edəcəyi gözlənilir.
İttihama görə, dələduzluqla üzləşdiklərini deyən və Solmaz Sədiyeva barəsində hüquq-mühafizə orqanlarına müraciət edən xanımların əksəriyyəti müəllimədir.

Müəllimələr şikayətlərində yazırlar ki, Sədiyeva onlardan pulu özlərini və yaxınlarını işə düzəltmək adı ilə alıb. Ancaq Sədiyeva deyilənləri təkzib edir. Solmaz Sədiyeva müəllimələrdən pul aldığını etiraf etsə də həmin məbləğləri işə düzəltmək adı ilə yox, borc üçün götürdüyünü və hər ay da faiz ödədiyini qeyd edir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər