Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş vermiş silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib və söz prokurora verilib.
Prokuror ittiham aktını elan edib. Daha sonra Bəhruz Rəfiyev ifadə verib. O, hadisə zamanı heç kəsi vurmadığını bildirib. Qeyd edib ki, atəş açan şəxsi də görməyib.
Prosesi aprelin 3-də davam edəcək.
İttihama görə, cinayət hadisəsi ötən il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham edilib.
Hadisə kriminal aləmdə nüfuza malik olan “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifov və “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında baş verən mübahisə ilə bağlı törədilib.
Hacı Zeynalov