Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesə təqsirləndirilən Bayram Vəliyev xərəkdə gətirilib.
Onun belində 18 millimetrlik yırtıq əmələ gəlib. Nə yeriyə, nə də otura bilir. Bayram Vəliyev məhkəmənin gedişini uzanıqlı izləyib.
Zala gələn hakimlər cinayət işində olan sənədlərin elanını davam etdiriblər. Hakim ilk olaraq cinayət işinin 401-ci cildində olan ödəniş tapşırıqları ilə bağlı sənədlərin siyahısını açıqlayıb. Sonra digər cildlərdə olan sənədləri elan ediblər. İş materallarında olan sənədlərin elanı başa çatıb.
Bayram Vəliyevin vəkili vəsatətlə çıxış edərək bildirib ki, müvəkkili müayinə olunub, bel ağrıları mütəmadi davam edir: "Müalicə olunmasına ehtiyacı var. Cərrahiyə əməliyyatı olunmalıdır. Qapalı müəssisədə isə mümkün deyil. Xahiş edirik, Bayram Vəliyevin cərrahiyə olunmasına şərait yaradılsın".
Prokuror Fərid Nağıyev cərrahiyə əməliyyatına etiraz etməyib. Əlavə edib ki, cərrahiyə əməliyyatına cazə verilməsi məhkəmənin səlahiyyətinə aid deyil, pentensiar xidmətdə bununla bağlı tədbir görülməsinə imkanlar var.
Vəsatəti təmin etməən hakim bildirib ki, bu, hüquqi məsələ deyil, tibbi işdir: "Məsələyə Penetensiar Xidmət baxa bilər. Rəy versə ki, təqsirləndirilənin məhkəməyə gətirilməsi mümkün deyil, biz tədbir görərik".
Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov Bayram Vəliyevin ev dustaqlığına buraxılmasını istəyib. Deyib ki, məhkəmə öz təşəbbüsü ilə ev dustaqlığı məsələsinə baxa bilər. Hakim vəkilə etiraz edib: "Siz Vidadi Zeynalovun vəkilisiz. Onu da müdafiə edirsiz. Bu məsələdə müzakirə olundu, qərar qəbul edildi".
Bayram Vəliyev etiraz edib: "Mən nə edim? Özümü doğrayım? Həkim də deyir ki, bu məsələ məhkəmənin işidir. Mən nə MTN işçisiyəm, nə də rabitəçiyəm. Ev dustaqlığı istəmirəm. Mənə bir günlük icazə verin, əməliyyat olunum. Sonra yenə də geri qaytarın".
Hakim təkrar bildirib ki, bu məsələ onların baxacağı iş deyil: "Penetensiar Xidmətdə həkim var, həkimlər bu müalicəni apara bilərlər".
Proses martın 17-də davam edəcək.
Hacı Zeynalov