Sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyanın Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin cinayət işi üzrə müşavirəyə çıxmasıdır.
Bu iş üzrə hakimlər martın 10-dan müşavirədə olduqlarını elan ediblər və hökmün elanı martın 17-nə təyin edilib.
Bu səbəbdən həmin tərkibdə olan hakimlər işə baxa bilmirlər. Vüsal Ələkbərovun da işinə baxan hakim Siyavuş Hacıyev müşavirədə olan kollegiyada tərkibdə olan hakimlərdən biridir. Bu səbəbdən Siyavuş Hacıyevin icraatında olan Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Hacı Zeynalov