Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə aparılır.
Teleqraf.com xəbər verir ki, Penitensiar Xidmət Baş İdarəsinin və tabe qurumların birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərinin nəticəsində Novruz Bayramı günlərində 6 mobil telefon, habelə narkotik maddə və uyuşdurucu dərman preparatlarının müəssisələrə keçirilməsinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 179.3.2 və 62-ci maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş və 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Nahid Axundovla qısamüddətli görüşə gəlmiş əmisi oğlu, Lənkəran şəhər sakini Fuad Axundovun üstünə və əşyalarına baxış keçirilib. Onun cibindən çəkisi 0.12 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Həmin müəssisədə saxlanılan, Cinayət Məcəlləsinin 182.2.3 və 67-ci maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəsib Mirverdiyev ilə qısamüddətli görüşə gələn qardaşı, Lənkəran şəhər sakini Mirxəlil Mirverdiyevdən içərisində danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.
Bakı İstintaq təcridxanasında saxlanılan Rəsul Emçiyev ilə qısa müddətli görüşə gəlmiş bacısı Balakən rayon sakini Zərifə Emçiyevanın üstünə və əşyalarına baxış keçirilib. Zərifə Emçiyevanın cibindən içərisində danışıq kartı olan “Nokia” markalı mobil telefon aparatı aşkarlanıb. Rəsul Emçiyev Cinayət Məcəlləsinin 228.1.2 və 234.4.3-cü maddələrinə əsasən həbs edilib.
Həmin müəssisədə saxlanılan, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş Əsədullayev Elşən Əflatun oğlunun üstünə baxış keçirilən zaman cibindən 4 ədəd tramadol dərman həbi aşkar edilərək götürülüb.
Daha bir əməliyyat 2 saylı istintaq təcridxanasında keçirilib. Orada saxlanılan Samir Tağıyevlə qısamüddətli görüşə gəlmiş qardaşı Şəmkir rayon sakini Həsən Tağıyevin və yaxın qohumları İlkin Əlizadə və Orxan Əmiraslanovun üstlərinə və əşyalarına baxış keçirilən zaman narkotik vasitə - marixuana aşkar edilib.
Samir Tağıyev Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən həbs edilmiş edilib.
Bundan başqa, Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələrinə əsasən 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Vüsal Səmədovla qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Həqiqət Səmədovanın üstünə və əşyalarına baxış keçirilib. Həqiqət Səmədovanın gödəkçəsinin astarında gizlədilmiş 5 ədəd tramadol dərman kapsulu aşkarlanıb.
Faktlar üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilib.
Hacı Zeynalov