28 Mart 2017 13:59
4 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Əli Həsənov və 1976-cı il doğumlu Əhmədyar Məhərərmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədriyi ilə keçirilən prosesində prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektindəki kafelərdən birində baş verib.


1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı, 1974-cü il təvvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov içəri girib. Ona deyiblər ki, otaqdan çıx. Bu zaman mübahisə baş verib.

Əhmədyar Məhərrəmov çıxıb, Namiq Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Əhmədyarın qolundan tutub. Onlar arasında əlbəyaxa dava düşüb.

Əhmədyar Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub, Namiq Abdullayevi döyüb. Münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb.

Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirib, ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub.

Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.

Prokurorun çıxışından sonra söz alan Əli Həsınov özünü qismən təqsirli bilib. Deyib ki, hadisə zamanı özünü müdafiə edib. Bildirib ki, istintaqa verdiyi ifadəsini təsdiqləyir: "Kafedən bayıra çıxanda 4 nəfər Əhmədyarın boynundan tutmuşdu. Onlardan soruşdum ki, qardaş, bunu niyə tutubsuz? Namiq Abdullayev dedi ki, mən sənin qardaşın deyiləm, sonra mənimlə söyüşlə danışdı. Dedi ki, get ailəndın soruş, gör sənin qardaşınam?.. Əsəbləşərək onu kəlləylə vurdum.

Onlar 4 nəfər idi, məni tutmuşdular, buna görə də gücüm çatmırdı. Bu səbəbdən cibimdən bıçaq çıxardım və Kamillə Namiqi vurdum. Sonra Namiq məndən aralandı. Həmin vaxt onları bıçaqla vurmaq imkanım olub, amma heç birini vurmamışam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Namiq Abdullayev ora polis çağıracağını deməyib: "Həmin vaxt onun polis olduğunu bilməmişəm. Mənim onları qəsdən vurmaq niyyətim olmayıb. Ailə söhbəti ediblər, buna görə vurmuşam. Elçin Məmmədov adlı şəxs də davada iştirak edib, amma onu vurmamışam. Ehtiram da olub, onu da vurmamışam.

İstintaq zamanı müstəntiqə dedim ki, məni Namiq Abdullayevlə üzləşdir. Üzləşdirmədi, dedi ki, ziddiyyət yoxdur. Sonradan ifadələri oxuyanda onların özlərinin ifadələri ziddiyyətli olduğunu gördüm".

Digər təqsirləndirilən Əhmədyar Məhərrəmov özünü təqsirli bilməyib.

Proses aprelin 4-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər