Bakının Biləcəri qəsəbəsində həyat yoldaşını öldürən İsrail Cəlilov istintaqa ifadə verib.
Teleqraf.com xəbər verir ki, İsrail Cəlilov Binəqədi rayon Prokurorluğunda ifadə verən zaman törətdiyi cinayətin təfərrüatını açıqlayıb.
O bildirib ki, qətlə yetirdiyi həyat yoldaşı Aysel Cəlilovadan iki ay əvvəl aralarında yaranmış münaqişə nəticəsində boşanıb. Aysel həmin vaxtdan Biləcəri qəsəbəsində atası evində yaşamağa başlayıb: “Son bir ayda həyat yoldaşımı izlədim, onunla yenidən ailəmi bərpa etmək qərarına gəldim”.
İsrail Cəlilov ifadəsində bildirib ki, martın 29-da, axşam saatlarında qayınatasının evinə gəlib: “Aysellə barışmaq istədiyimi bildirdim. Ayselin ailəsi ilə yaxın qohum olmuşam. Buna görə məni bağışladılar. Sonra Aysellə eyni evdə yaşamağa başladım.
Bir yerdə olduğumuz zaman Ayselin mobil telefonuna zəng gəldi. Ondan zəng edən şəxsin kimliyini və mobil telefonu haradan aldığını soruşdum. Aysel isə mənə dəqiq söz demədi”.
Şübhəli şəxs əlavə edib ki, bundan əsəbiləşib və həmin vaxt Ayseli aldadaraq evin hamam otağına çağırıb: “Aysel hamama girəndən sonra qapını arxadan bağladım. Mətbəxdən götürdüyüm bıçaqla onun boğazını bir neçə yerdən kəsdim”.
İsrail Cəlilovun ifadəsinə görə, Ayseli qətlə yetirəndən sonra hamamda yuyunub: “Sonra evdən çıxdım, birbaşa 6-cı polis bölməsinə gələrək təslim oldum”.
***
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.
Qobustan rayon sakini, 1990-cı il təvəllüdlü İsrail Cəlilov həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aysel Cəlilovanın başını kəsərək qətlə yetirib.
Cinayəti törədən İsrail Cəlilov polis idarəsinə gələrək könüllü təslim olub.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. İddia olunur ki, qətlə yetirilən qadın başqa bir kişi ilə münasibət saxlayıb. Bundan xəbər tutan İsrail Cəlilov həyat yoldaşı ilə mübahisə edib. sonda onların mübahisəsi qanlı olayla nəticələnib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Onların birgə nikahlarından 2 övladları olub.
Hacı Zeynalov