Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin qanunsuz əməllərindən zərər çəkmiş və həbsdə olan iş adamı azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu, iş adamı Bahəddin Sultanovdur.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə həbs edilib.
Bahəddin Sultanovun barəsində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq hərəkətləri aparılırdı. İstintaq belə nəticəyə gəlib ki, Bahəddin Sultanovun həbs edilməsi ilə bağlı anlaşılmazlıq olub. Onun barəsində olan cinayət işinə xitam verilib. Bakı istintaq təcridxanasında saxlanılan Bahəddin Sultanov sərbəst buraxılıb.
Bahəddin Sultanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş kimi tanınıb.
Vüsal Ələkbərov 2009-cu ildə hədə-qorxu yolu ilə Bahəddin Sultanovdan 370 min ABŞ dolları alıb. Bundan sonra MTN tərəfindən həbs edilən Bahəddin Sultanovun oğlu İntiqam Sultanov 2 il şərti cəza alaraq sərbəst buraxılıb.
Bahəddin Sultanov qeyd edib ki, 360 min dollar ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevə versə də, Vüsal Ələkbərov da özünün 10 min dollarını tələb edib: “Günorta saatlarında kirvəm Mirzə İbrahimlə MTN-ə gəldim, Vüsalın otağına girmədən uzaqdan mənimlə salamlaşdılar. Vüsal onlara dedi ki, Mövlamın otağına getsinlər, özü də onlarla birgə getdi. Təxminən yarım saat sonra Mirzə ilə İbrahimi yola salıb mənim yanıma gəldi və pulu Mövlam Şəxliyevə verdilər. “Bir daş altda, bir daş üstdə, biz səni tutmayacayıq, oğlunu da buraxacam, balamın canı üçün o puldan mənə bir qəpik də çatmır, mənim şirinliyimi də gətir”, -dedi.
Saat 15-də məni buraxdı, dedi ki, 19:30-da pulu nazirliyə gətirim. Evə gedib pulu götürüb geri qayıtdım, nazirliyin qarşısında maşında gözləyirdim. Vüsal maşınla gəlib mənə ardıyca sürməyimi işarə etdi. Bir qədər gedəndən sonra saxladı, düşüb onun maşınında arxa oturacağa oturdum.
Pulu Vüsala verəndən sonra “gələrsən, kağızını verərəm, gedib oğlunu götürərsən” dedi. İki gün sonra məni çağırıb İntiqamın həbsdən azad olunması haqda qərarı verdi. Bakı İstintaq Təcridxanasında gedib, İntiqamı çıxartdım. Onun işi Zal Yusifovla birgə məhkəməyə göndərildi, İntiqama 2 il şərti cəza verildi”.
Məlumat üçün bildirək ki, Vüsal Ələkbərovun cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılır.
Hacı Zeynalov