Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin sədrlik etdiyi prosesdə Mirəziz Əsgərovun vəkili Əlimərdan Sadıqov vəsatətlə çıxış edib.
O, bildirib ki, müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu ilin mayın 27-də başa çatacaq. Vəkil həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz olunmasını istəyib: “Müdafiə etdiyim şəxs hədə-qorxu yolu ilə tələb etmə və digər ağır maddələrlə ittiham edilir. O, həmin ittihamları qəbul etmir, günühasızdır. Həmçinin müdafiə etdiyim şəxs ağır xəstəlikdən əziyyət çəkir. Buna baxmayaraq 17 aydır həbsdədir. Bu da onun xəstəliyini daha da ağırlaşdırır”.
Vəkil bildirib ki, Mirəziz Əsgərovun xəstə olması ilə bağlı MTN-nin hospitalından arayış verilib: “Həmin arayışdan görünür ki, Mirəziz Əsgərov müxtəlif xəstəliklərdən əziyyət çəkir”.
Əlimərdan Sadıqov qeyd edib ki, bu il fevralın 14-də Mirəziz Əsgərovun səhhəti qəfil pisləşib: “Onu əvvəlcə Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürdülər. Orada müalicə etmək mümkün olmadığı üçün şəhər xəstəxanasına apardılar. Fevralın 20-dək Mərkəzi Kiliniki Xəstəxanada müalicə olundu. Mayinədən sonra yenə müalicə müəssisəsinə aparıldı. Hazırda Bakı istintaq təcridxanasına köçürlüb. Bu xəstəliklərlə orada saxlanılması mümkün deyil.
Mirəziz Əsgərov 24 il Milli Təhlükəsizlik Nazirliyində qüsursuz işləyib, polkovnik rütbəsinə qədər yüksəlib. Buna görə də vəsatətimizin təmin olunmasını istəyirik. Onun ev ünvanı bəllidir, məhkəməyə vaxtlı-vaxtında gəlib-gedəcək”.
Dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, işdə tibbi ekspertlərin rəyi var: “Həmin rəydən görünür ki, Mirəziz Əsgərovun həyatı üçün təhlükə yoxdur”.
Vüqar Quliyev əlavə edib ki, Mirəziz Əsgərov xüsusi ilə ağır cinayətlərdə ittiham edilir: “Zərərçəkmişlərin mülki iddia qaldırması ilə bağlı mövqeylərindən də məlum olur ki, onların arasında barışıq əldə olunmayıb. Buna görə də həbs qərarının dəyişdirilməsi barədə vəsatət təmin edilməməlidir”.
Dövlət ittihamçısı həmçinin bildirib ki, Mirəziz Əsgərovun barəsində olan cinayət işi Bakı Hərbi Məhkəməsinə aiddir. Onun sözlərinə görə, ibtidai istintaqın aparılması zamanı qanun pozuntusuna yol verilməyib: “İstintaq dövründə Mirəziz Əsgərov müdafiəçi ilə təmin edilib. İşin məhkəmə baxışına verilməsi mümkündür. Qeyd edim ki, Mirəziz Əsgərov ləğv edilmiş Milil Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi vəzifəsində işləyib. Buna görə də işdə dövlət əhəmiyyətli sirlər var.
Bu səbəbdən prosesin qismən qapalı keçirilməsini istəyirik. Məhkəmə Mirəziz Əsgərovun xidməti fəaliyyəti ilə bağlı araşdırma aparan zaman prosesin qapalı keçirilməsinə zərurət yaranıb. Digər hissədə isə prosesin acıq keçiriməlidir”.
Təqsirləndirilən şəxsin vəkili Əlimərdan Sadıqov işin məhkəmə baxışına verilməsinə etiraz etməyib. Mirəziz Əsgərov isə bildirib ki, istintaq orqanı onun barəsində qərəzli olub: “Buna görə də istintaqın aparılmasından şikayətçiyəm. Mənə qarşı qərəzli mövqedə olmalarını başa düşə bilmirəm. İstintaqımı aparan şəxslər çox nüfuzlu müstəntiq və prokurorlar olublar, həqiqəti məndən yaxşı bilirlər. Bilirlər ki, bu işdə mənim günahım yoxdur”.
Mirəziz Əsgərov qeyd edib ki, istintaq təcridxanasında 4 dəqiqə ölü vəziyyətdə olub: “Səhhətimlə bağlı vəziyyətim yaxşı deyil. Xəstəliyim dəyişkən hal yaradır. Həkimlərdə məsləhət görüblər ki, daim açıq havada olmalıyam, əks halda vəziyyətim yaxşı olmayacaq”.
Polkovnik daha sonra xidməti fəaliyyətindən danışıb: “Hərə bir cür xidmət edib. Mənim xidmətim hər kəsə məlumdur. İşlədiyim quruma, millətimə xidmət etmişəm. Daha burada qapalı proses keçirmək niyə lazımdır? Açıq məhkəmə iclası keçirin. Hər kəs görsün ki, necə xidmət etmişəm. Bir də daha bu işdə məxfilik qalmayıb. Prokurorluq bütün məlumatları yayıb. Qəzetlər, saytlar bütün bu işdə yazırlar. İndi qapalı iclas keçirməklə hansı məxfilik qorunacaq? Mən bunu başa düşmürəm”.
Daha sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyiblər.
Prosesin qismən qapalı keçirilməsi barədə qərar elan edilib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin xidməti fəaliyyəti ilə bağlı araşdırma aparılan zaman proses qapalı keçiriləcək, qalan hissədə isə qapalı iclasa əsas yoxdur.
Məhkəmənin baxış iclası aprelin 14-nə təyin edilib.
Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Hacı Zeynalov