Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Seymur Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, hadisə ötən il avqustun 8-də Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən "Şüşəli bazar"da baş verib. Həmin bazarda satıcı işləyən Seymur Fərəcov mübahisə zəminində Rasim Babayevi döyüb.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, onun ağır xəsarətlər aldığı məlum olub. Polis tərəfindən saxlanılan Seymur Fərəcov barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.
Seymur Fərəcov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Deyib ki, mağazada satıcı işləyib: "Rasim içəri daxil olub, qarpız almaq istədi. Əmim oğlu Ariflə ona kömək təklif elədək. Bizə bildirdi ki, kayfdayam, özüm seçəcəm. Mübahisə etdik, söyüş söydü. Qohumum rəhmətə gedib, dedim, söyüş söymə. Sonra onu necə vurduğum yadımda deyil".
Prosesdə ifadə verən zərərçəkmiş Rasim Babayev bildirib ki, davanı təqsirləndirilən şəxs başlayıb. Qeyd edib ki, Seymur Fərəcov tərəfindən zərbə alandan sonra özünü itirib: "Bir az içkili idim. Əvvəl mübahisə etdik, sonra dava düşdü. Qarpız seçirdim. Mübahisə də elə bunun üstündə oldu".
Zərərçəkmiş qeyd edib ki, həmin vaxt Seymur Fərəcovun yanında başqa bir nəfər də olub: "Birinci zərbə arxadan gəldi. Amma ilk zərbədən sonra məni digər vuranların kim olduğunu görmədim. Özümdə deyildim".
Rasim Babayev Seymur Fərəcovu bağışladığını, ondan şikayətinin olmadığını deyib. Proses aprelin 10-a davam edəcək.
Hacı Zeynalov