4 Aprel 2017 13:47
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Əli Həsənov və 1976-cı il doğumlu Əhmədyar Məhərərmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrik etdiyi prosesdə zərərçəkmiş polis mayoru Namiq Abdullayev ifadə verib.

O bildirib ki, kafedə dostlarla oturanda sonradan tanıdığı Əhmədyar Məhərrəmov içəri girib: "O, bir masada oturub söyüş söydü, ağzına gələni danışırdı. Kafe mənim qardaşımındır. Oranı işlədən isə mənim uşaqlıq dostum Kamildi. Əlimərdan Kamillə mübahisə edib, söyüş söyürdü. Mən ona yaxınlaşdım. Nə məsələ olduğunu soruşub, kimliyimi dedim. Vəsiqəmi də göstərdim. İçkili idi. Əl atıb telefonumu əlimdən almaq istədi. Özüm də başa düşmədim ki, bu adam nə edir?

Onunla bağlı tədbir görülməsi qərarına gəldim. Fənd işlədərək telefonumu əlindən aldım. Dostum Kamillə qolundan tutub çölə çıxardım. Çölə çıxanda qarşımıza sonradan tanıdığım Əli Həsənov çıxdı. Mənə "qardaşım, nə olub?" deyə müraciət etdi. Mən də dedim, sən kinsən, gəlib burada polisin işinə müdaxilə edirsən? Yoxsa bununla əlbirsən?

Əhmədyar kafeyə gəlib Kamildən əvvəl "adaptr" istədi, sonra da pul tələb edirdi. Dedim, sən də bununla birlikdəsən? Yenə "qardaşım-qardaşım" deyib müdaxilə edirdi. Dedim ki, mən sənin qardaşın deyiləm, get qardaşını evində axtar. Bu sözü necə başa düşdüyünü, necə anladığını bilmirəm".

Əli Həsənov isə bildirib ki, Namiq Abdullayevin polis olduğunu bilməyib: "Mən qardaşım deyə müraciət etdim. Dedi ki, qardaşının kim olduğunu evdəkilərindən soruş. Davamını da demək istəmirəm".

Polis mayoru Namiq Abdullayev qeyd edib ki, sözlü mübahisənin davamında Əli Həsənov əlini bıçağa atıb. Onun sözlərinə görə, təqsirləndirilən Əli Həsənov polisin işinə müdaxilə edib: "Dostu Əhmədyarı əlimdən almaq istəyirdi. Mübahisə olanda hiss etdim ki, məni kimsə vurdu. Amma görmədim. Mən kafeyə qayıdıb telefonumu götürmək istəyirdim ki, "102"yə məlumat verim. Çünki o, polis əməkdaşına əl də qaldırmışdı".

Namiq Abdullayev bildirib ki, qapıda qasına dostu Arif çıxıb: "Mənə dedi ki, səndən qan axır. Ona qədər hiss etmirdim ki, bıçaqlanmışam. Gördüm, üstüm qandı. Köynəyi qaldıranda baxdım ki, qarnımdan qan axır. Qolumu qaldıranda dəhşətli qan axdığını gördüm. Yenə də özümü itirmədim. Geri döndüm. Əli Həsənovun əlində qanlı bıçaq vardı. Kamil də baxdı ki, ayağı qandı.

Sonra yenə dava olub. Orada Arif də bıçaqlanıb. Biz tez xəstəxanaya getmək istədik. Mənim qolumu bağladılar ki, qan axmasın. Ətrafda olan bir nəfər yaxınlaşdı ki, maşını sürsün. Məndən xeyli qan axmışdı".

Namiq Abdullayevin sözlərinə görə, bundan əvvəl əməliyyatlarda iki dəfə yaralanıb: "Bu dəfə qolumdan dəyən bıçaqdan sonra 2,5 litrdən artıq qan itirmişdim.

Mən bədənimdə olan qanın yarısını itirmişdim və özümdə deyildim. "Semoşka"ya ağır vəziyyətdə çatdırıldım. Məni Allah qurtardı. İndi şükür edirəm ki, sağam. Bu şəxslərdən şikayətim yoxdur. Hadisədir, olub. Hər iki şəxs qanuna uyğun cəza alacaqlar. Bir də mən şikayət edib onların cəzasını artırmaq istəmirəm. Bununla heç nə əldə etməyəcəm".

Proses aprelin 11-də dabşvam edəcək.

İttihama görə, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektindəki kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı, 1974-cü il təvvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov içəri girib. Ona deyiblər ki, otaqdan çıx. Bu zaman mübahisə baş verib.


Əhmədyar Məhərrəmov çıxıb, Namiq Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Əhmədyarın qolundan tutub. Onlar arasında əlbəyaxa dava düşüb.

Əhmədyar Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub, Namiq Abdullayevi döyüb. Münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb.

Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirib, ərazidən qaçıblar.

Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər