Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Teleqraf.com-un məlumatına görə, günün ikinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə şahid qismində keçmiş MTN əməkdaşı Rüfət Abdullayev ifadə verib.
Zərərçəkmiş İlham İbrahimov və Elçin Kərimovun saxlanılmasında iştirak etmiş Rüfət Abdullayev bildirib ki, əməliyyat zamanı heç kimə zor tətbiq olunmayıb.
İstintaq materiallarında həmin əməliyyat zamanı təqsirləndirilən Fizuli Əliyevdə silah olması barədə məlumat var. Həmin məsələyə münasibət bildirən Rüfıt Abdullayev isə bunun doğru olmadığını deyib.
Daha sonra zərərçəkmiş şəxs qismində "La Parfumery" mağazasının rəhbərlərindən olan Arif Vəliyev ifadə verib.
O, bildirib ki, 2015-ci ilin mart ayında MTN-ə çağırılıb: "Daha sonra MTN əməkdaşlarına 5 ədəd səbət göndərdim. Həmin səbətlərin maya dəyəri 1000 manat, satış qiyməti 4000 min manat olub. Həmin səbətləri öz istəyim ilə MTN əməkdaşlarına vermişəm, kimsə mənə təzyiq etməyib".
Proses aprelin 11-də davam edəcək.
Hacı Zeynalov