Dələduzluqda təqsirli bilinən Emil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Emil Hüseynovun vəsatəti təmin edilib.
Məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Emil Hüseynov Tural Hüseynovdan 382 min dollar, Namiq Mehtiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan 19 min 500 manatını ələ keçirib.
Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra Emil Hüseynovun barəsində cinayət işi başlanıb.
Məlum olub ki, Emil Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə zərərçəkmişləri aldada bilib. Bildirilir ki, Emil Hüseynov 2016-cı ilin dekabr ayında Qazaxıstanda həbs edilib. O, zərərçəkmişlərdən aldığı pulu geri qaytarmadığı üçün daha əvvəl ölkədən qaçıb. Sonra onun barəsində İnterpol xətti ilə axtarış elan olunub. O, ötən il Qazaxıstanda həbs edilib və Azərbaycana təhvil verilib.
Emil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunur.
Zərərçəkmiş Tural Hüseynovun vəkili Emil Aslanov bildirib ki, istintaq dövründə təqsirləndirilən şəxsin müdafiəçisi Səbail rayon Məhkəməsinə müraciət edib və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustuqlağına əvəz edilməsi ilə bağlı vəsatət verib: “Hakim Azər Tağıyev məhkəmə təcrübəsində görünməmiş qərar çıxardı. Həmin zaman hüquqlarını müdafiə etdiyim şəxs və digər zərərçəkmişlər, həmçinin müstəntiq də qərara narazılığını bildirdi. Hakimin çıxardığı qərardan əvvəl məhkəmədə dəymiş ziyan barədə çıxış etdim. Bildirdim ki, Emil Hüseynov ev dustaqlığına buraxılan kimi yenə istintaqdan qaçacaq”.
Emil Aslanov qeyd ki, məhkəmə qərarından apelyasiya şikayəti verəcəklər. Vəkilin sözlərinə görə, Emil Hüseynov hüquqlarını müdafiə etdiyi zərərçəkmiş Tural Hüseynovun 382 min dollarının bir qismini qaytarıb: “Lakin o bildirib ki, qatqı malları gətirdiyinə görə müvəkkilimin pulu 955 min manat olub. Tural Hüseynov isə həmin puldan keçib, ona verdiyi 382 min dollarının qaytarmasını istəyib. Bu pulu da 2015-ci ilin fevral ayının 13-nə qədər qaytarmalı idi. Amma Emil Hüseynov pulu geri qaytarmadı. Buna görə də müvəkkilim işlətdiyi mağazanı bağladı.
Həmin malın müqabilində də aylıq 20-30 faiz pul qazanırdı. Həmin pulları 2 il ərzində qaytarmadığına görə müvəkkilim 435 min 288 dollar ziyana düşüb. Bundan əlavə hüquqlarını müdafiə etdiyim şəxsə 50 min manat da maddi ziyan vurub. Ümumilikdə Emil Hüseynova qarşı 1 milyon manata yaxın mülki iddia qaldırmışıq”.
Məlumat üçün bildirək ki, Emil Hüseynov sabiq nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun qohumudur.
Hacı Zeynalov