Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatından keçirilərkən, monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın bel çantası təkrarən yoxlanılıb. Nəticədə çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd sırğa, üzük, kolye və qolbaq dəsti aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 73,95 qram olan 916 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.
İlhamə ƏBÜLFƏT