Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan və hazırda həbsdə olan avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşı Vidadi Huseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevannın sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını elan edib.
Sonra ifadə verən Vidadi Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, barəsində irəli sürülmüş ittihamı əsassız hesab edib.
Vidadi Hüseynovun sözlərinə görə, narkotik vasitələrin alqı-satqısı və ya qəbulu ilə məşğul olmayıb: “Məni tanıyanlar narkotikdən uzaq olduğumu bilirlər. Hadisə günü məni polis bölməsinə dəvət etdilər. Çünki bir müddət əvvəl evimizdən qızıl-zinət əşyaları oğurlanmışdı. Buna görə polisdən zəng edib, qızıl boyunbağı tapıldığını söylədilər. Orada məlum oldu ki, həmin qızıl mənim deyil”.
Vidadi Hüseynov qeyd edib ki, polis idarəsindən çıxan zaman ona mülki geyimdə 3 nəfər yaxınlaşıb: “Onların polis işçisi olduğunu bildim. Üstümdə axtarış apardılar, sonra polis idarəsinə gətirdilər. Məni həbs edəndən sonra polislər tərəfindən döyüldüm. Üzərimə baxış keçiriləndə heç hal şahidləri də yox idi.
Polislər dedilər ki, “Quli”nin bütün yaxınları həbs olunur, sən də onun yaxın qohumu kimi həbs olunmalısan. Barəmdə cinayət işi başlandı. Hətta dedilər, şükür elə ki, sənin üstünə silah qoymuruq”.
Vidadi Hüseynov bildirib ki, istintaq zamanı dindirilərkən müdafiə hüquqları pozulub, ondan ifadə alınanda vəkili yanında olmayıb: “Yazıblar ki, guya müdafiəçimin yanında ifadə vermişəm. İmkan versəydilər, indiki vəkilim Kamandar müəllimə zəng edərdim. Onu 25 ildir tanıyıram, nömrəsini də əzbər bilirəm. Onu zəng edib çağırardım. Mənə təyinatla vəkil lazım deyildi”.
Proses aprelin 19-da davam edəcək.
İttihama görə, Vidadi Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında həbs edilib. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Vidadi Hüseynovun üzərindən 12,360 qram heroin aşkar edilib.
Vidadi Hüseynov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Hacı Zeynalov