11 Aprel 2017 11:52
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq, soyğunçuluq və quldurluq cinayətləri törətməkdə təqsirli bilinən 27 yaşlı Adil Şahbalıyev, 27 yaşlı yaşlı Emin Mirzəyev, 26 yaşlı Emin Allahverdiyev və 27 yaşlı Novruz Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Adil Şahbalıyev 2015-ci ilin noyabr ayında Lökbatan qəsəbəsində tanışı Səbinə Məmmədzadəyə zor tətbiq edib, onun “iPhone 5S”markalı mobil telefonunu, ödəmə kartlarını və çantasındakı 110 manat pulunu alıb.

Bu hadisədən bir müddət sonra onunla eyni qəsəbədə yaşayan Orxan Zülfüqarzadəyə hədə-qorxu gələrək pul tələb edib. Orxan Zülfüqarzadənin pulu olmadığını dedikdə əl atıb onun cibindəki 20 manat pulunu çıxarıb.

Adil Şahbalıyevin quldurluq əməlləri bununla bitməyib. O, 6 yanvar 2016-cı ildə Ceyhun İsmayılov və Novruz Əkbərovla birlikdə Emin Mirzəyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə Salyan şosesi istiqamətində hərəkət edərkən Kamran Ələkbərovun yol kənarında dayandığını görüb. Onun pullarını əlindən almaq məqsədilə avtomobili saxlayaraq pusquda dayanıblar.

Ətrafda kimsənin olmadığını görən Adil Şahbalıyev Ceyhunla birgə Kamrana yaxınlaşaraq onun qollarını burub yerə yıxıb və gödəkçəsinin cibindəki 300 dolları ələ keçiriblər.

Dəstə üzvlərinin sonuncu cinayəti də elə həmin gecəyə təsadüf edib. Bu dəfə oğurluq öz dəst-xətti ilə digərlərindən fərqlənib.

Hədəfə götürülən Novruz Əkbərovun bibisinin evi olub. Aralarındakı razılaşmaya əsasən, Emin Mirzəyev, Emin Allahverdiyev və Novruz pusquda dayanıblar, Adillə Ceyhun isə Samirə Əkbərovanın mənzilinə soxulublar. Mənzildə olan 700 manat pulu və dolabdakı bir cüt qızıl sırğanı götürdükdən sonra hadisə yerindən uzaqlaşıblar.

Hakim Mirzə Xankişiyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Adil Şahbalıyev 9 il, Emin Mirzəyev 5 il, Emin Allahverdiyev 4 il 6 ay və Novruz Əkbərov 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət işində adı keçən Ceyhun İsmayılov cinayət məsuliyyətindən yayınıb. Buna görə də məhkəmə onun barəsində həbsli axtarış elan edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər