11 Aprel 2017 14:45
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Teleqraf.com-un məlumatına görə, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Ələddin İbadov ifadə verib.

O, bildirib ki, avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğuldur. Zərərçəkmiş bildirib ki, 2008-ci il mayın 16-da, səhər saat 10 radələrində istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı nömrədən zəng gəlib: “Zəng edən şəxs özünü MTN əməkdaşı kimi təqdim etdi, mənimlə görüşmək istədiyini bildirdi.

Saat 12-13 radələrində ona zəng etdim, metronun “Nərimanov” stansiyasının yaxınlığında olduğumu dedim. Bu vaxt “VAZ-2106” markalı avtomobilimə 3 nəfər yaxınlaşdı. Onlar məni gəldikləri “Mitsubishi Pajero” markalı avtomobilə mindirdilır, sonra telefonumu da əlimdən aldılar. Məni MTN-nin Nərimanov rayon şöbəsinin inzibati binasına apardılar.

Orada özlərinin rəisi kimi təqdim etdikləri Fazil İmamverdiyevi çağırdılar. Evimə zəng edərək məlumat verməyimə icazə vermədilər. Özlərini MTN əməkdaşları kimi təqdim edən Fuad Sədrəddinov və Fazil İmamverdiyev mənə “sən bizneslə məşğulsan, bizi niyə görmürsən, əgər sən biz deyənlə razılaşmasan, səninlə başqa cür rəftar edəcəyik, sənin telefonlarına qulaq asmışıq, rəsmiləşdirib səni həbs edəcəyik” dedilər”.

Zərərçəkmişin sözlərinə görə, ondan 150.000 manat istəyiblər: “Mən isə həmin məbləğdə pulumun olmadığını bildirdim. Dedilər ki, bizə göstəriş veriblər, nəyə gücün çatar? Qorxaraq 20.000 yaxud 30.000 manat verə biləcəyimi dedim. Çox söhbətdən, yalvardıqdan sonra 50.000 ABŞ dolları verməyə razılaşdılar.

Həmin gün gecə saat 12 radələrinə kimi MTN-in Nərimanov şöbəsinin inzibati binasında otaqların birində saxlanılaraq buraxıldım”.

Zərərçəkmiş bildirib ki, 50 min ABŞ dollarını düzəldərək MTN əməkdaşlarına verib. Fuad Sədrəddinov ona “bir də səni narahat etməyəcəyik” deyə bildirib.

Zərərçəkmiş qeyd edib ki, hazırda verdiyi mülki iddianı müdafiə edir və pulunun qaytarılmasını istəyir. O, Sübahir Qurbanovu tanımadığını deyib.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər