Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qirxu yolu ilə külli miqdarda pul alan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin sədrlik etdiyi prosesin əvvəlində Vidadi Əzizov təqsirləndirilən şəxsə qarşı mülki idda qaldırıb.
Hakim həmin mülki iddianı icraata götürüb və məhkəmə istintaqı zamanı araşdırılacağını bildirib. Daha sonra Mirəziz Əsgərovun vəkili Fazil Nəhmətov vəsatətlə çıxış edərək bildirib ki, istintaq zamanı müstəntiq faktları saxtalaşdırıb, Mirəziz Əsgərovun xeyrinə olan subutlara qanunsuz olaraq xitam verib.
Vəkil həmçinin qeyd edib ki, zərərçəkmiş Vidadi Əzizovun pulları haradan əldə etməsini istintaq müəyyən etməyib. Vəkil vurğulayıb ki, zərərçəkmişin barəsində ayrıca iş var: "Həmin işlə bağlı istintaq aparaılır. Müstəntiq bu faktları müəyyən etmədən Mirəziz Əsgərovun işini məhkəməyə göndərib. İşdə olan ciddi qanun pozuntularını nəzərə alaraq cinayət işinin yebşnidın prokurorluğa qaytarəlmasını xahiş edirik".
Dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, bu vəsatət hazırlıq iclasında araşdırılmalı olan məsələdir: "Hazırda məhkəmə istintaqı başlanır. Bu faktlara məhkəmə istintaqı zamanı hüquqi qiymət verilməsi mümkündür. Bu səbəbdən vəsatət təmin edilməməlidir".
Mirəziz Əsgərov bildirib ki, subutların qiymətləndirilməsini vəkili geniş əsaslandırıb. Onun sözlərinə görə, hazırda məhkəmənin mövqeyini bilmək istəyir: "Vidadi Əzizov həmin dövrdə saxlanılıb, sonra sərbəst buraxılıb. Mənə də Vidadi Əzizovun izahatı əsasında ittiham verilib. İstintaq orqanı mənə qarşı qərəzli olub.
İstintaqçıların da mövqeyini başa düşürəm. Həmin dövrdə ictimayyətin MTN işləri ilə bağlı güclü basqıları var idi. Təzyiq nəticəsində heç bir araşdırma aparmadan mənə qarşı belə nəticəyə gəliblər. Vəsatətin qəbul edilməsini istəyirəm".
Mirəziz Əsgərovun digər vəkili Əlimərdan Sadıqov da vəsatıtin əsaslı olduğunu və təmin edilməsini istəyib. Müşavirə keçirən hakim heyəti vəsatəti təmin etməyib.
Daha sonra Mirəziz Əsgərov hər prosesdən sonra məhkəmə iclaslarının protokolları ilə tanış olması barədə vəsatət verib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin protokollarla tanış olması qanunvericiliyin tələbidir: "Məhkəmə iclasından sonra üç gün müddətində protokolla tanış ola bilərsiz".
Sonra Mirəziz Əsgərovun vəkili Əlimərdan Sadıqov zərərçəkmiş Vidadi Əzizovun 2012-ci ildə həbs edilməsi, onun barəsində istintaq sənədlərinin toplanması üçün əməliyyat-istintaq sənədlərinin məhkəməyə təqdim edilməsini istəyib. Bildirib ki, Vidadi Əzizovun telefonunu dinlənməsi ilə bağlı ciddi əsaslar olub və bununla bağlı Baş Prokurorluğa müraciət olunub: "Bununla bağlı 10 fevral 2012-ci ildə baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı Səbail rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə təqdimatı təmin edib. Vidadi Əzizovun xarici kəşfiyyatla əlaqələrinin yoxlanması üçün 6 ay müddətində əməliyyat tədbirləri olub. Bununla bağlı 300 səhfədən çox siqnal materalları toplanııb. Həmin materallar Mirəziz Əsgərovun işinə əlavə edilsə də, sonradan həmin siqnal materialları bu işdən ayrılıb, sənədlər prokurorluqda qalıb.
Həmin işin prokurorluqdan alınmasını, bu işə əlavə edilməsini və tədqiq olunmasını xahiş edirəm".
Dövlət ittihamçısı bildirib ki, həmin sənədlər tam məxfidir və bu məhkəmədə araşdırıla bilməz.
Mirəziz Əsgərov həmin siqnal materalları ilə tanış olmaq istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Daha sonra məhkəmə istintaqı başlanıb və prokuror ittiham aktını elan edib. Sənədə münasibət bildirən Mirəziz Əsgərov deyib ki, irəli sürülən ittiham əsassızdır: "İstintaq nəticəyə gələn zaman sübutkarı düzgün araşdırmayıb".
Mirəziz Əsgərov bildirib ki, 1992-ci ildə MTN-də xidmətə başlayıb, 2002-ci ildən rəhbər vəzifələr tutub: "Bu müddətdə qüsursuz xidmət etmişəm, qanunsuzluğa yol verməmişəm. Dəfələrlə xidmətimə görə rəhbərlik tərəfindən mükafatlandırılmışam".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ilin fevral ayında Vidadi adlı şəxsin xarici ölkə vətəndaşları ilə danışması, onlarla casusluq əməkdaşlığı etməsi barədə əməliyyat siqnalı daxil olub: "Onun həmin şəxslərlə hərbi texnika və digər məsələr ətrafında danışdığını müəyyənləşdirdik. Bu məlumatı yerində təhlil etdik və dərhal əməliyyat tədbirləri keçirdik.
Həmin il ölkəmizdə böyük beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirin pozulmasında maraqlı ölkələr vardı. Biz də bunun qarşısını almaq üçün mühüm əməliyyat tədbirləri görürdük.
Həmin dövrdə Vidadi Əzizovun xarici ölkə vətəndaşı ilə əlaqəsi üzə çıxmışdı. Bununla əlaqədar araşdırma aparmalıydıq. Onun telefonunun dinlənilməsi üçün Baş Prokurorluğa müraciət etdik. Baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə məhkəməyə təqdimat verildi və Əzizovun telefonunun dinlənilməsi haqda qərar qəbul edildi. Bundan sonra agentura əməliyyat tədbirləri həyata keçirildi. Həmin vaxtda da məlum Quba və İsmayıllı hadisələri olmuşdu.
Vidadi Əzizovun Moskvada olan bir nəfərlə telefon danışığında müəyyən etdik ki, bu hadisələrin miqyasını ölkədə genişləndirmək, Bakı və Bakıətrafı rayonlarda da törədilməsi üçün külli miqdarda pul göndəriləcək. Bu haqda MTN rəhbərliyinə məlumat verdik, Vidadi Əzizov tam nəzarətdə saxlanıldı.
Bu əməliyyatlara MTN-in 4 strukturu nəzarət edirdi. Mənim burada hər hansı səlahiyyətli şəxs olmağım mümkün deyildi. Çünki 4 strukturun keçirdiyi əməliyyata ya MTN rəhbəri, ya da onun müavinlərindən biri nəzarət edirdi.
Əməliyyat tədbirləri ilə müəyyən etdik ki, "Zaminbank"dan Vidadi Əzizov 9447 manat pul çıxaracaq. Həmçinin müəyyən etmişdik ki, orada ona qarşı quldurluq olacaq. Bu quldurluğun qarşısını almaq üçün Vidadi Əzizovun həbs olunmasını qərara aldıq. Mən və işçim Rəşad Əhmədov bankın Nərimanov filialının qarşısına gedən zaman bizə "geri çəkil, əməliyyatı xüsusi təyinatlılar keçirəcək" komandası verildi. Mən bunun səbəbini öyrənmək üçün idarə rəisi Aydın Manafovla əlaqə saxladım. O da xüsusi təyinatlıların əməliyyat keçirdiyini təsdiqlədi.
Biz filialın qarşısında olanda onlar artıq əməliyyatı keçirmişdilər, Vidadi Əzizovu həbs eləmişdilər. Əzizovun həyat yoldaşı da orada olmuşdu. Həyat yoldaşını MTN-ə aparmaq üçün maşın olmadığından idarə rəisi ilə əlaqə saxladım, bildirdim ki, qadının izahatını almışıq, kimliyini müəyyən etmişik, lazım olsa, MTN-ə dəvət edib dindirə bilərik. İdarə rəisi razılaşdı, bundan sonra qadın sərbəst buraxıldı.
Vidadi Əzizov xüsusi təyinatlıların müşayiəti ilə MTN-ə gətirildi. MTN-də xüsusi təyinatlıların əlində olan sellofan torba Aydın Manafovun otağına qoyuldu. Vidadi Əzizov isə mənim xidməti otağımda sorğu-sual edildi.
Sorğu-sualdan sonra Aydın Manafov mənə dedi ki, MTN rəhbərinin göstərişi var, Vidadi Əzizovun sərbəst buraxılması üçün sənədləri hazırlayım. Sellofan torbanı da mənə verdi ki, özünə qaytarım. Mən həmin vaxt torbaya baxmamışam, içində də nə olduğunu bilməmişəm.
Vidadi Əzizovun bir beynəlxalq şəbəkəyə qoşulub, 550 milyonluq sənədə imza atdığı barədə məlumat daxil olmuşdu. Həmin vəsait Moskvadan keçirilib, İrana aparılmalıydı. Həmin dövrdə İran blokada vəziyyətində idi. Bu vəsait İranda müəyyən adamlara lazım idi. Bu işin icraçılarından bir nəfər İranda həbs olunaraq edam edilib, bir nəfər Türkiyə vətəndaşı isə Amerikada həbs olunub. Bu məsələləri mən qapalı məhkəmədə geniş danışacam.
Vidadi Əzizovun sahibkarlıq fəaliyyətilə məşğul olmasını təsdiqləyən heç bir sübut yoxdur. Ondan hədə-qorxu yolu ilə 40 min manat almağım haqda ittihamda yazılanlar yalandır".
Dövlət ittihamçısının "Vidadi Əzizov dövlətə xəyanət etmişdisə, onu niyə buraxırdınız" sualına Mirəziz Əsgərov belə cavab verib: "Vidadi Əzizov vaxtından əvvəl saxlanılmışdı. Ona dövlətə xəyanət ittihamı verilməli idi. Bu da ağır ittihamdı. Adətən dövlətə xəyanətdə suçlanan şəxsi dərhal həbs eləmirdik, bir xeyli müddət araşdırma aparırdıq. Onların arasında islah olunanlar olurdu, belələrini həbs eləmirdik. Əksinə, onları əməkdaşlığa cəlb edirdik.
Bu adamları casusluğa cəlb edənlərə qarşı elə onların özləri vasitəsilə mübarizə aparırdıq. Həkimləri, müəllimləri bu işə cəlb edə bilməzdik ki..."
Məhkəmə prosesi aprelin 28-də davam edəcək.
İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.
Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.
Hacı Zeynalov