14 Aprel 2017 17:45
2 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə iş adamı Arzu Kazımov ifadə verib.

Məlumat üçün bildirək ki, Arzu Kazımov zərərçəkmişlər Nizami Kazımovun qardaşı, Hüseyn Səfərovun bacsının həyat yoldaşıdır. O, ABU-nun rektoru Elşad Abdullayev video yayandan sonra həbs edilib, Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

Arzu Kazımov məhkəmədə Vüsal Kazımovun vəsatəti əsasında əlavə şahid qismində dindirilib. O bildirib ki, tarixini xatırlamadığı bir gün MTN-dən ona zəng gəlib: "Zəng edən müstəntiq dedi ki, məni Vüsal Ələkbərov MTN-ə çağırır. Mən MTN-ə gəlməyəcəyimi bildirdim. Bur qədər sonra həmin müstəntiq yenə də zəng vurdu və bildirdi ki, Vüsal Ələkbərovla əlaqə saxlayım. Bundan sonra Vüsal Ələkbərovla əlaqə saxladım. Həmin gün Vüsalla MTN-in binasının arxa hissəsində görüşdük.

Mənimlə qardaşım və qaynım barəsində danışdı. Onların həbsdın azad edilməsi üçün hər biri tərəfindən 2 milyon manat ödənilməsini dedi. Bildirdim ki, bizim qohumlarımızın bu qədər pulu yoxdur. Vüsal bir söz demədi və getdi.

Bu söhbətin üstündən iki ay keçdi, fikirləşdim ki, yumuşalarlar, onları sərbəst buraxarlar. Nə cinayət törədiblər ki, bu qədər pul tələb edirlər. Amma onları sərbəst buraxmadılar. Məcbur qalaraq Eldar müəllimin (ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov nəzərdə tutur -red.) köməkçisinə zəng etdim, nazirlə görüşmək istədiyimi bildirdim.

Eldar müəllim məni qəbul etdi. Ona dedim ki, qardaşımı və qaynımı tutublar, heç bir günahları yoxdur. Eldar müəllim bildirdi ki, onların işləri araşdırılacaq, lazımı köməklik göstəriləcək".


Arzu Kazımov qeyd edib ki, bundan sonra MTN-nin baş istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevlə görüşüb: "Xidməti otağında qardaşımın və qaynımın həbsdən azad edilməsi üçün tələb olunan məbləği istədi. Qayıtdım ki, istənilən pulu verən deyilik. Həmin vaxt Vüsal Ələkbərov da orada idi.

Sonra mən getdim. Qohumlarıma dedim ki, istənilən puli verməyin, qoy iş kəsinlər, əgər pulu versəz, sizi tanımyacağam. Amma onlara işəridə hansı təzyiqi göstərdilərsə, tələb olunan məbləği verdilər. Bu gün də hər ikisi banklara pul ödəyirlər. Mənim sözümə baxmadılar, bu vəziyyətə düşdülər".

Şahidin ifadəsinə arayış verən Vüsal Ələkbərov iddia edib ki, Nizami Kazımovdan da, Hüseyn Səfırovdan da pul tələb etməyib: "Onlardan tələb olunan pul zərərçəkmişlərə ödənilməsi ilə bağlı olub. Zərərçəkmişlərə dəymiş ziyan pdəniləndən sonra hər ikisi sərbəst buraxılıb".

Arzu Kazımov isə Vüsal Ələkbərovun düzgün danışmadığını deyib: "Görüşümüz zaman Vüsal Ələkbərova dedim ki, ikisinin həbsdən azad olunması üçün 500-600 min düzəltməyə bəlkə gücümüz çatar. Bizim iki milyon dollara gücümüz çatmır”.

Vüsal Ələkbərov da şahidi yalan danışmaqda suçlayıb: “Şahid həbsxana həyatı yaşayıb, əziyyət görmüş adamdır. Fikirləşirdim ki, burada düzünü danışar. Həmin vaxt Mövlam müəllim ona deyib ki, zərərçəkmişlərə dəymiş ziyanı ödəyin, həm Nizami Kazımovun, həm də Hüseyn Səfərovun cəza məsələsinə baxıla bilər”.


Bu zaman Arzu Kazımov Vüsal Ələkbərovu və MTN-nin vəzifəli şəxslərini ittiham edib: “Burada ədalətdən danışmaq olar. Hər kəsə məlumdur ki, MTN-də nə işlər görürdüz, nə edirdiz”.

Şahidin bu ifadəsi Vüsal Ələkbərovu özündən çıxarıb: “Biz MTN-də şərəflə xidmət etmişik. Bizim gücümüzə bu gün rahat yaşayırsız. Heç kimə hədə-qorxu gəlməmişik, şər-böhtan atırlar. Şər-böhtana görə burada oturmuşuq. Mənim Arzu Kazımovla ümumiyyətlə görüşüm olmayıb, onu Mövlam müəllimin xidməti otağında görmüşəm.

Mövlam müəllim də deyib ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilməlidir. Bundan sonra Nizami Kazımov və Hüseyn Səfərovun həbs qətimkan tədbiri dəyişdirilə bilər”.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid qeyd edib ki, Eldar Mahmudovla yaxın münasibətinin olması barədə deyilənlər həqiqəti əks etdirmir: “Mənim Eldar Mahmudovla heç bir münasibətim olmayıb. Qardaşıma və qaynıma görə onunla görüşmüşəm. Bu iki şəxsin günahsız olduğunu nazirə çatdırdım. Eldar Mahmudov da dedi ki, qanun çərçivəsində tədbir görüləcək. Bundan sonra Mövlam Şıxəliyevin qəbuluna getdim. Orada iki milyon söhbəti oldu, Vüsal Ələkbərov da orada idi”.


Nizami Kazımov deyib ki, qardaşı Arzu Kazımovun pul sövdələşməsinə gəlməsini MTN-də istəməyiblər: “Vüsal Ələkbərov bildirdi ki, Tahir (Çanaqqala restoranını sahibi və Nizami Kazımovun qudasıdır –red.) gəlsin pul danışıqlarına. Mən də vəkilimlə məlumat göndərdim ki, Arzunu bu işə qatmayın, Tahir görüşlərə gəlsin”.

Vüsal Ələkbərov Nizami Kazımovu da yalan danışmaqda ittiham edib: “Bunlar yalan danışırlar. Zərərçəkmişlərə dəymiş ziyan vardı, aksiya keçiridilər. MTN rəhbərliyi və Baş Prokurorluq başımızı yarırdı ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilsin”.

Daha sonra MTN-in baş istintaq idarəsində, hazırda isə DTX-da müstəntiq işləyən Rövşən Hüseynov ifadə verib. Ona “Texnikabank” ASC-nin sədri Etibar Əliyev və digərlərinin istintaqının aparılması ilə bağlı suallar verilib. O, qeyd edib ki, həmin iş üzrə şahid qismində keçən və hazırkı cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış işadamı Akif Qurbanovu tanımayıb, onunla əlaqə saxlamasını, MTN-ə çağırılmasını xatırlamır.

Vüsal Ələkbərov qeyd edib ki, rəhbərlik etdiyi istintaq idarəsinin üç müstəntiqi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Bir çox müstəntiq tələbə yetişdirdiyini söyləyən Vüsal Ələkbərov qeyd edib ki, apardığı səs-küylü cinayət işlərinin istintaqını məhkəməyə təqdim edəcək: “Mövlam Şıxəliyev və Nadir Musatafyev polisdən, Təhsin Ağayev isə Bakı Hərbi Məhkəməsində katib vəzifəsindən MTN-ə gəliblər. Bundan başqa, bütün işçilər mənim yetirməm olublar. Bu şahidin özünü də mən yetişdirmişəm, mənim rəhbərlik etdiyim şöbənin işçisi olub”.

Daha sonra Vüsal Ələkbərov vəsatətlə çıxış edib. O, bildirib ki, səlahiyyəti olmayan Səbail rayon Məhkəməsinin hakimləri tərəfindən qanunsuz olaraq barəsində həbs qətimkna tədbiri seçilib: “Mən hərbi qullquçu olmuşam, buna görə mənim barəmdə qətimkan tədbirini Bakı Hərbi Məhkəməsini birinci instansiyası seçməli idi. Bu səbəbdən barəmdə seçilmiş qanunsuz həbs qətimkan tədbirinin ləğv edilməsini istəyirəm”.

Vəsatət təmin edilməyib. Məhkəmə prosesi aprelin 28-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər