Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Anar Səfərovun törətdiyi əməlin məhkəmədə sübuta yetirildiyini bildirib və onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Günay Hacıyeva Anar Səfərova aşağı həddə cəza təyin edilməsini istəyib. Məhkəmə təqsirləndirilən şəxsə son söz üçün vaxt verib.
Proses aprelin 26-da davam edəcək.
İttihama görə, hadisə ötən ilin iyununda Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Bakı-Xocəsən yolunun 7-ci kilometrliyində baş verib. Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi “Nissan XTrail” markalı, 90 SD 338 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 3 nəfəri vurub.
Nəticədə piyadalardan 36 yaşlı Cavanşir Kirmirzəyev və 32 yaşlı Səbuhi Şahmarov dünyasını dəyişib. 36 İsmayıl Hümbətov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.