Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçən prosesdə zərərçəkmiş İlkin Qəhrəmanov ifadə verib.
O bildirib ki, həmin qızla Feysbuk sosial şəbəkəsində tanış olub. Telefonda danışıb, görüş təyin ediblər. Görüş təyin olunan yerdə onu Arifə qarşılayıb, kafedə əyləşiblər. İçki içiblər, sonra 50 manat verib və hesabın çıxılmasını, pulun qalığını qaytarılmasını istəyib.
Bir qədər sonra ona 150 manatlıq hesab gətiriblər. Bu qədər hesaba etiraz edib, bu zaman onu döyüblər.
Növbəti proses mayın 8-də davam edəcək.
İttihama görə, Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.
İstintaq dövründə Arifə Musayeva barəsində polis nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.
İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə sosial şəbəkələrdə, o cümlədən Feysbukda intim xidmət barədə elan veriblər. Həmin qızlar zəng edərək tora düşən gəncləri kafeyə dəvət ediblər. Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Bahalı içki adı ilə təqdim edilənlər adi meyvə suyu olub.
Sonradan qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb döyərək ciblərindəki pulu alıblar. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr hər birində oxşar olub.
Digər təqsirləndirilən və 2017-ci il yanvar ayından axtarışda olan Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Gültəkin Əsgərova, “Gülü”, “Leyla” adlı qızlar və şəxsiyyəti naməlum olan oğlanlar barəsində cinayət işi ayrıca icraata götürüb.
Hacı Zeynalov