Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə Nəsib Cabbarovun vəkili müdafiə etdiyi şəxs barəsində psixiatriya-tibbi ekspertiza keçirilməsini istəyib.
Bildirib ki, məhkəmədə Nəsib Cabbarovun heç bir ciddi səbəb olmadan öz qızını öldürdüyü məlum olub. Dövlət ittihamçısı isə qeyd edib ki, Nəsib Cabbarov barəsində ekspertiza keçirilib: “Cinayəti törədən zaman anlaqlı vəziyyətdə olduğu ilə bağlı rəy var. Vəsatətin təmin edilməməsini istəyirik”.
Hakimlər vəsatəti təmin ediblər. Ekspertizanın rəyi məlum olana qədər proses təxirə salınıb.
İttihama görə, Nəsib Cabbarov əxlaqsızlıq etdiyini əsas gətirərək qızını amansızlıq öldürüb. Qətl hadisəsi ötən ilin iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilib və orada ölüb. Məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanı qısqanclıq zəminində gecə yatdığı yerdə bıçaqla qətlə yetirib.
İstintaqın gəldiyi nəticəyə görə, Nəsib Cabbarov qızının əxlaqsızlıq etməsi haqda söz-söhbəti qohumu Rövşən Cabbarovdan eşidib.
Nəsib Cabbarov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilir.
Hacı Zeynalov