3 May 2017 14:05
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə nazirliyin nümayəndəsi Vüqar Babayev çıxış edib.

O, bildirib ki, təqdirləndirilənlərdən Namazalı Məmmədov, Emin Məmmədov və Səhrab Hümbətov dəymiş zərəri ödəyiblər: "Adıçəkilən şəxslərə qarşı mülki iddiamız yoxdur".

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov nazirliyin nümayəndəsindən 3 nəfər tərəfindən ödənilən məbləğin ittihamda əksini tapmış ümumi 153 milyondan çıxılıb-çıxılmamasını soruşub. Vüqar Babayev bildirib ki, buna yekunda məhkəmə qərar verəcək.

Daha sonra hakim Vidadi Zeynalova sərbəst ifadə verməyi təklif edib. Bu zaman Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlərinin olduğunu deyib. Məhkəməyə 3 vəsatət təqdim edən Elxan Süleymanov qeyd edib ki, həm Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, həm də məhkəmə istintaqında ciddi prosessual qayda pozuntuları var: "İttihamda mənimsənilən məbləğ 153 milyon manat göstərilib. Amma mülki iddiaçı dəqiq olaraq hansı məbləği müdafiə etdiyini açıqlamır. İstintaq dövründə bəzi şəxslər dəymiş zərəri ödəyib. Amma bu məbləğ məlum deyil. Maraqlıdır ki, dəymiş zərər bəzi şəxslərə ödətdirilib. Bəlkə məhkəmə istintaqı başqa qərara gələcəkdi? Kim məcbur etdi ki, bu məbləğ ödənilsin? Əgər ödənilibsə, bu şəxslər cəmiyyət üçün hansı təhlükəni törədirlər ki, onlar yenə də burada oturublar? Biz tələb edirik ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə sorğu göndərilsin və ödənilən məbləğ dəqiqləşdirilsin".

Elxan Süleymanlı həmçinin ekspertlərin, əlavə şahidlərin, mütəxəsislərin dindirilməsi, sənədlərin elan edilməsi ilə bağlı vəsatətlər verib: "Cinayət materiallarında olan ekspert rəyləri məhkəmədə elan edilməli və müzakirə olunmalıdır . Biz məhkəmənin hazırlıq iclasında vəsatətlər vermişdik. Amma həmin vəsatətlər müzakirə edilmədən saxlanıldı. Biz keyfiyyətli müdafiə qura bilmirik. Bir vəkil kimi mənim hüquqlarım pozulur, vəsatətlər bir cümlə ilə rədd edilir.

Cinayət işi materiallarında yer alan aktlar bu insanların gələcəyini, taleyini həll edir. İstintaq orqanı tələb etdiyi, ittiham aktına yazdığı məbləği əsaslandırmır, kökünü göstərmir.

Ötən prosesdə məhkəmə bildirdi ki, riyazi hesablama aparmaqla bu məbləğ müəyyən etmək olar. Onda biz də məhkəmədən xahiş edirik ki, burada sadə riyazi hesablama aparılsın, görək hansı məbləğ ortaya çıxacaq".

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov bildirib ki, mülki iddia konkret göstərilmir: "Mülki iddiaçı konkret məbləği müdafiə edə bilmir. Ekspertiza təyin edilsin, dəqiq məbləğ müəyyənləşdirilsin. Vidadi Zeynalovun yaxınlarının da dəymiş zərərin ödənilməsi ilə bağlı təşəbbüsü var. Konkret məbləğ müəyyən edilsin, biz də bu məbləğlə bağlı müzakirə aparaq".

Vəsatətlərə münasibət bildirən Vidadi Zeynalov vəkilinin birinci vəsatətinin təmin edilməməsini istəyib: "Korrupsiyaya qarşı Mübarizə İdarəsinə sorğu göndərməyə ehtiyac yoxdur. Hər adamın ayağına nə qədər məbləğ yazılması qara hərflərlə istintaq materiallarında var. Mənə maraqlı deyil, kim nə qədər ödəməyib. Digər iki vəsatətin təmin edilməsini, Maliyyə Nazirliyi nümayəndələrinin, ekspertlərin dindirilməsi və sənədlərin elan edilərək məhkəmədə müzakirə olunmasını istəyirəm".

Müşavirə keçirən hakimlər Vidadi Zeynalovun vəkilləri tərəfindən verilən vəsatətləri təmin etməyib. Daha sonra hakim Vidadi Zeynalov fasilədən sonra sərbəst ifadə verəcəyin deyib. O, indiyə qədər məhkəmədə ifadə verməkdən imtina edirdi.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər