Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Elşən və Seymur Həsənov qardaşları ifadə verib.
Elşən Həsənov ifadəsində göstərib ki, 2004-2010-cu illərdə “Texnikabank” ASC-də müxtəlif vəzifələrdə, 2010-cu ildən 2015-ci ilin iyun ayına kimi qardaşı Seymur Həsənovla birlikdə Nəsimi rayonunda yerləşən “Zaminbank” ASC-nin 9 saylı valyutadəyişmə məntəqəsində işləyib.
O, mübadilə məntəqəsinin xəzinədarının qardaşı Seymur Həsənov olduğunu deyib: “Mən müştərilər cəlb etmək və texniki köməklə qardaşıma dəstək olurdum. Mübadilə məntəqəsi rəsmi olaraq Seymur Həsənovun adına idi”.
Onun sözlərinə görə, 2015-ci ilin 8 mayında qardaşının daimi müştərisi olan Farizə adlı xanım ona zəng edib: “Farizə xanım dedi ki, Seymura zəng çatmır. Əri Kamranın 300 min dollarını təcili avroya dəyişmək istədiyini söylədi. Mən də Seymura zəng elədim, amma zəng çatmadı. Təxminən 15 dəqiqə sonra qardaşımla danışa bildim. Ona müştərinin avro almaq istədiyini dedim. Sonra onlar öz aralarında danışıb vədələşdilər.
Bundan bir neçə saat sonra qardaşıma zəng elədim. Ancaq ona yenə zəng çatmadı. Qonşu mağazada işləyən satıcılardan birinə zəng etdim. Məlum oldu ki, məntəqəyə gələn mülki geyimli 7-8 nəfər qardaşımı aparıblar. Narahat olub, dosta-tanışa zəng elədim, polisə məlumat verdim. Bir neçə dəqiqə keçmiş telefonuma zəng gəldi. Özünü MTN əməkdaşı kimi təqdim edən şəxs dedi ki, narahat olma, ora-bura çox zəng eləmə, qardaşın bizdədir. Sonra məni də MTN-ə çağırdılar.
İkinci mərtəbəyə qalxanda qardaşım Seymuru və digər əməkdaşları gördüm. Onlardan izahatlar alındı. Sonra özünü MTN-in vəzifəli şəxsləri kimi təqdim edən Natiq Alıyev və Zaur Məmmədov bizə yaxınlaşdı. Qardaşımdan kassada pulun göstərilənlərdən artıq olmasının səbəbini soruşdular. O da cavab verdi ki, məntəqənin işi belədir, müştərilərdən alınmış pul vəsaitlərini dərhal sənədləşdirmək olmur, yəni pullar yığılır və 2-3 saatdan sonra nəticəsi hesablanaraq sənədləşdirilir. Onlar qardaşımı danışmağa qoymadılar. Həbs edəcəklərini deyib, təzyiq göstərməyə başladılar”.
Zərərçəkmiş daha sonra ifadəsində qeyd edib ki, ondan pul tələb ediblər: “Natiq Alıyev mənə dedi ki, sən böyük qardaşsan, ona görə də səninlə danışacam. Qardaşımı otaqdan çıxartdılar. Dedi ki, həbs edilməmək üçün 500 min dollar verməlisiz. Həyəcanlandım, bu məbləğin həddindən artıq çox olduğunu dedim. 4-5 saat danışdıq. Hərdən otaqdan çıxıb gedirdilər. Qayıdanda nəticəni soruşurdular. Bu qədər pulu verə bilməyəcəyimizi təkrar edirdim.
Dedilər ki, gecəni burada qalarsınız, ağlınız başınıza gələr. Gecə digər işçiləri buraxdılar. Məni, qardaşımı və müştəri Kamranı girov kimi saxladılar. Gecəni divan və kreslolarda yatdıq. Axşam yeməyi kimi kafedən kotlet və püre gətirdilər”.
Elşən Həsənov ifadəsində göstərib ki, valyutadəyişmə məntəqəsinə edilən basqın zamanı götürülən 300 min dolların 180 mini onlara qaytarılıb. 120 mini özlərində saxlayan MTN əməkdaşları əlavə olaraq da Seymur Həsənovun gətirdiyi 100 min dolları götürüblər.
Daha sona zərərçəkmiş şəxs qismində “Zaminbank”ın Səbail filialının müdiri Rauf Həsənov ifadə verib. Bildirib ki, ona MTN-də təzyiq edilməyib, dindirildikdən sonra sərbəst buraxılıb.
Zərərçəkmiş təqsirləndirilən şəxslərə qarşı şikayəti olmadığını deyib.
Proses mayın 10-da davam edəcək.
Hacı Zeynalov