11 May 2017 13:35
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçən prosesdə zərərçəkmiş Aynur Əliyevanın Türkiyədə olduğu məlum olub.

Daha sonra Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev zərərçəkmiş Məhəmməd Quliyevə suallar verib.
Bundan əvvəl hansısa işdə hal şahidi olub-olmadığını soruşan vəkilə zərərçəkmiş heç bir cinayət işində hal şahidi olmadığını deyib.

Vəkil məhkəməyə zərərçəkmişin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışda olduğu barədə sənəd təqdim edib və bildirib ki, Məhəmməd Quliyev 2015-ci ildın axtarışdadır. Daha sonra Məhəmməd Quliyevin zərərçəkmiş şəxs qismində olan statusuna xitam verilməsi barədə vəsatət qaldırıb.

Prokuror bildirib ki, vəsatət əsassızdır,təmin olunmamalıdır. Məhəmməd Quliyev isə deyib ki, onun barəsində əvvəllər axtarış elan edilib: "Sonradan axtarış ləğv olunub. 37-ci polis bölməsində ifadə vermişəm, sonra sərbəst buraxılmışam".

Hakim deyib ki, bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinə sorğu veriləcək və onun axtarışda olub-olmaması araşdırılacaq.

Digər zərərçəkmiş Samir Xəlilov isə heç bir zərər çəkmədiyini, zərərçəkmiş kimi tanınmaq istəmədiyini, Fuad Əhmədlini tanımadığını deyib.

Daha sonra ifadə verən Fuad Əhmədli bildirib ki, ittihamların heç birin qəbul etmir, heç bir qaydaları pozmayıb: "Mən texniki işçi olmuşam. Əlimdə heç bir gizli məlumat olmayıb. Heç kimi izləməmişəm və şəxsi məlumatları kiməsə verməmişəm".

Proses mayın 23-də davam edəcək.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, Fuad Əhmədli "Azərfon" MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər