Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Vüsal Ələkbərov ifadə verməyə başlayıb.
O, bildirib ki, bundan əvvəl keçirilən iclasda 7 epizod üzrə ifadə verib. Hazırda zərərçəkmiş Akif Qurbanovun epizodu üzrə danışacaq.
Dövlət əleyhinə olan cinayətlərin araşdırılması üzrə istintaq şöbəsinin rəisi olmuş Vüsal Ələkbərov bildirib ki, Akif Qurbanovun epizodu üzrə qapalı prosesdə danışmaq istəyir. Hakim Vüsal Ələkbərovdan qapalı iclasda ifadə verməsi üçün hansı əsaslar olduğunu soruşub.
Təqsirləndirilən şəxs məsuliyyəti üzərindən atıb və bu işdə dövlət əhəmiyyətli sirlər olduğunu deyib. Bundan sonra hakim prosesin qapalı keçirilməsi üçün tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı Vüqar Quliyev deyib ki, hazırlıq iclasında prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. O, prosesin qapalı keçirilməsi barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib.
Məhkəmə iclasının qapalı keçirilməsi barədə qərar qəbul edilib və proses iştirakçısı olmayan şəxslər iclas zalından kənarlaşdırılıb.
Vüsal Ələkbərov bununla razılaşmayıb, bildirib ki, Akif Qurbanovdan başqa digər zərərçəkmişlər də zaldan çıxarılsın. Hakim Vüsal Ələkbərovun bu istəyini də nəzərə alıb.
Akif Qurbanov məhkəməyə gəlmədiyi üçün iclasda yalnız onun nümayəndəsi iştirak edə bilib. Qapalı prosesdə Vüsal Ələkbərov Akif Qurbanovun epizodu üzrə ifadə verib.
Məlumat üçün bildirək ki, Akif Qurbanov tikinti şirkətlərinin rəhbəri olub. Onu həbs etməklə hədələyərək 1 milyon manatını alıblar.
Akif Qurbanov “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevlə yaxın münasibətdə olub. 2012-ci ildə Etibar Əliyev həbs olunandan sonra MTN-in baş istintaq idarəsinin rəisi, general Mövlan Şıxəliyevlə toyda görüşüb və bu zaman ondan Etibar Əliyevi soruşub. Ertəsi gün Akif Qurbanov MTN-ə çağırılaraq təzyiqlərə məruz qalıb.
Akif Qurbanovun epizodu üzrə qapalı iclasda Vüsal Ələkbərov ifadə verəndən sonra sualları cavablandırmağa başlayıb.
Növbəti iclas mayın 15-də davam edəcək.
Hacı Zeynalov