Teleqraf.com xəbər verir ki, bununla bağlı o dövrdə MTN-də yüksək vəzifə tutmuş və hazırda Dövlət Təhlükəsizlik Xidmətində (DTX) xidmətə davam edən zabitlər ibtidai istintaq zamanı ifadə veriblər.
İttihama görə, Elçin Quliyevin cinayət işində agentlərə verilməsi adı ilə 7,6 milyon manat, 1,8 milyon dollar və 407 min avronun kassadan çıxarılaraq mənimsənilib.
İbtidai istintaq zamanı şahid qismində ifadə verən Elmar Mehdiyev bildirib ki, keçmiş MTN-in Maliyyə İdarəsində Xüsusi xərclər şöbəsinin rəisi işləyib:
“MTN-də əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün nazirliyin maliyyə idarəsinin kassasından böyük məbləğdə pullar əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilib, raportlarla verilib. Həmin raportlar sabiq nazir Eldar Mahmudov və ya onun vəzifələrini icra edən şəxsin göstərişi ilə həyata keçirilib”.
Şahidin sözlərinə görə, həmin şəxslərin göstərişi ilə tərtib edilmiş raportlarda onların imzası da olub, həmin raportlar maliyyə idarəsinə icra edilməsi üçün yönəldilib: “Kassa məxaric orderi hazırlanaraq ödəniş üçün maliyyə idarəsinin xəzinəsinə təqdim edilirdi. Maliyyə idarəsinin xəzinədarı tərəfindən həmin sənəd üzrə ödəniş aparılırdı. Məbləğ ancaq raportda adı qeyd edilən nazirliyin əməkdaşlarına təqdim edilirdi. Pulu alan əməkdaşın adı, soyadı və atasının adı bir qayda olaraq ya pulun alınması barədə raportun özündə və yaxud vəsatəti qaldıran əməliyyat strukturunun rəhbəri tərəfindən maliyyə idarəsinə verilmiş vəkalətnamələrdə öz əksini tapırdı”.
Elmar Mehdiyev bildirib ki, cəmi 7 milyon 629 min manat, 1 milyon 834 min dollar və 407 min avro məbləğində pul əsginaslarının kassadan götürülməsi barədə kassa məxaric orderlərə və raportlara baxıb: “Bu məbləğlər nağd qaydada maliyyə idarəsindən verilib. Pulların hara xərclənməsi haqda heç bir məlumatım yoxdur. Həmin vəsaitlərin hara xərclənməsinə və ya kimə verilməsinə raportlarda adı yazılan əməkdaşlar cavabdehlik daşıyırdılar”.
İbtidai istintaq zamanı dindirilən digər şahid Rəşad Hüseynov bildirib ki, əvvəllər MTN-in Maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb: “Hazırda DTX-də çalışıram. MTN-də bir qayda olaraq əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün böyük məbləğdə pul vəsaitləri əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilib, raportlar sabiq nazir Eldar Mahmudov və yaxud onun vəzifələrini icra edən şəxsin pulun ödənilməsi ilə bağlı göstərişinə əsasən həyata keçirilib”.
Rəşad Hüseynov da ifadəsində pulların hara və kimə xərclənməsi barədə məlumatı olmadığını deyib.
Növbəti şahid isə DTX-nın maliyyə idarəsinin mütəxəssisi, xəzinədarı Nailə Ağayeva olub. O, deyib ki, MTN-də işlədiyi müddətdə xəzinədar kimi vəzifəsi daxil edilmiş mədaxil qəbzləri əsasında xəzinəyə pul vəsaiti qəbul etmək və məxaric qəbzləri əsasında xəzinədən pul vəsaitini ödəmək olub.
Nailə Ağayeva ifadəsində maliyyə idarəsinin kassasından Elçin Quliyevin imzası əks olunmuş raportlar əsasında qeyd edilən məbləğdə pulların nağd şəkildə verilməsini təsdiq edib.
Məlumat üçün bildirək ki, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Hacı Zeynalov