Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vəfadar Məmmədov ifadə verib.
Onun sözlərinə görə, təqsirləndirilən Lətif Ağayev ondan zərərçəkmiş Mehdi Süleymanova 500 manat pul verməsini xahiş edib. O da həmin pulu Mehdi Süleymanova verib.
Zərərçəkmiş Mehdi Süleymanov isə şahidin dediklərinə münasibət bildirib: “Vəfadar mənə 500 manat verdi. Bundan sonra Lətifə zəng etdim ki, 1000 manat lazımdır. Pul isə həmin gün həbsdə olan həyat yoldaşıma çatmalı idi. Həyat yoldaşım xəstə idi, pulu ona, Kürdəxanıya göndərməli idim. Əgər pul çatmasaydı, həyat yoldaşımı başqa yerə etap edəcəkdilər”.
Növbəti proses mayın 24-də davam edəcək.
Lətif Ağayev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda olduqda) və 32.4 (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətmə sövq etmə) maddələri ilə təqsirli bilinir.
İttihama görə, hazırda həbsdə olan Sabrina Alxasovanın həyat yoldaşı Mehdi Süleymanova qarşı dələduzluq edilib. Mehdi Süleymanov həyat yoldaşının cəzasının yüngülləşdirilməsi üçün Ədliyyə Nazirliyinin sabiq böyük inspektoru Tahir Şəbiyevə 31 min manat verib.
Məlum olub ki, Mehdi Süleymanov 31 min manatın 17 min manatını Lətif Ağayevə verib. Lətif Ağayev isə istintaq dövründə həmin pulun 8500 manatını geri qaytarıb.
Məlumat üçün bildirək ki, Sabrina Alxasovanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əməlində hallanır. Elnur Nağızadə hazırda ölkəni tərk edib və onun barəsində də axtarış elan olunub. Sabrina Alxasova 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahir Şəbiyev şərti cəza alıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb Tahir Şəbiyevin Sabrina Alxasovanın ərindən aldığı pulu geri qaytarması olub.
Hacı Zeynalov