Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işində olan sənədlərin elan edilməsi mərhələsi başlayıb. Hakim bildirib ki, cinayət işi 15 cilddən ibarətdir.
İlk olaraq "Texnikabank" ASC-nin "Bakı" filialının rəhbəri Zal Yusifov və digər şəxslərin barəsində başlanmış cinayət işi üzrə qərar elan edilib. Qərarda göstərilib ki, cinayət işi üzrə istintaqın aparılması üçün istintaq qrupu yaradılıb: "MTN-nin baş istintaq idarəsinin rəisi Mövlan Şıxəliyevin qərarı ilə yaradılan istintaq qrupuna rəhbərliyi Vüsal Ələkbərov həyata keçirib. Amma istintaq qrupunun müstəntiqlərdın ibarət üzvü olub".
Bu qərara münasibət bildirən Vüsal Ələkbərov deyib ki, sənədlərlə də 613 saylı cinayət işinin istintaqının tək aparmadığı görünür: "Bu istintaq işində müstəntiqlər iştirak edib. Həmin müstəntiqlərin dindirilməsi üçün vəsatət verdim. Amma məhkəmə vəsatətimi təmin etmədi".
Daha sonra bu cinayət işində zərərçəkmiş şəxs qismində tanınan iş adamı Nizami Kazımovun həbs edilməsi, sonra barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəmə qərarları açıqlanıb.
Məlum olub ki, Nizami Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilməsi barədə qərarı Səbail rayon Məhkəməsinin hakimi Elnur Həsınov verib. Vüsal Ələkbərov bildirib ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti müdafiə tərəfi verib: "Həmin vəsatətə prosesdə iştirak edən prokuror etiraz etməyib".
Daha sonra hakim Nizami Kazımovun barəsində olan cinayət işinə xitam verilməsi barədə qərarı elan edib. Həmin qərarda göstərilib ki, Nizami Kazımovun dələduzluq etməsi barədə ittiham sübuta yetirilməyib.
Hakim həmçinin Vüsal Ələkbərovun evində aparılan əməliyyat-axtarış tədbirləri zamanı götürülən əşyaları açıqlayıb. Vüsal Ələkbərov deyib ki, evindən götürülən sənədlərin cinayət işinə heç bir adiyyatı yoxdur: "Həmin sənədlərin arasında elmi işlər də var. Həmin sənədləri prokurluq özümə qaytarmayıb".
Hakim bildirib ki, məhkəmənin yekun qərarında cinayət işinə aid olmayan sənədlər geri qaytarılacaq: "Yəqin ki, prokurorluqda məhkəmənin yekun qərarını gözləyir".
Sonra Vüsal Ələkbərovun evinin fotoları nümayış etdirilib. Həmçinin onun barəsində Səbail Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov tərəfindən 4 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılması barədə qərarlar elan edilib. Bu məsələyə də münasibət bildirən Vüsal Ələkbərov bildirib ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri və həmin qətimkan tədbirinin uzadılması barədə qərarlar qanunsuzdur: "Mən hərbi qulluqçuyam. Səbail rayon Məhkəməsinin barəmdə seçdiyi qərar düzgün olmayıb. Mənim barəmdə həbs qərarını Bakı Hərbi Məhkəməsindən seçilməli idi. Bu səbəbdən də qanunsuz olaraq həbsdə saxlanılıram. Xahiş edirəm ki, barəmdə həbs qərarı çıxaran hakimlər barəsində Cinayət Məcəlləsinin 145-ci (qanunsuz olaraq azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat verəsiniz".
Sonra zərərçəkmiş iş adamı Hüseyn Səfərovla bağlı hissədə sənədlərin elan edilib. Bu zaman prosesdə gərginlik yaranıb və Hüseyn Səfərov təqsirləndirilən şəxslə mübahisə edib. Hüseyn Səfərov bildirib ki, onun zərərçəkmişlərə ziyan vurması Vüsal Ələkbərov tərəfindən yalandan yazılıb. O, Vüsal Ələkbərovu agent adlandırıb və bildirib ki, xarici kəşfiyyata işləyib: “Vüsal Ələkbərbərovu Ermənistanda agent kimi tanıyırlar”
Bundan əsəbləşən Vüsal Ələkbərov bildirib ki, o, xidməti dövründə xüsusi xidmət orqanlarına işləyən agentlərə cinayət işi başlayıb: “Mənim işim agent tutmaq olub. Rusiya, İran, Ermənistana casusluq edənlərin cinayət işini araşdırmışam”.
Tərəflərin mübahisəsini sakitləşdirən hakim daha sonra sənədləri elan etməkdə davam edib. Nizami Kazımov və Hüseyn Səfərovun barəsində 2009-cu ildə aparılan sənədlərin araşdırlması, şahidlərin ifadələrinin elan edilməsi də mübahisə yaradıb.
Bu zaman Vüsal Ələkbərov deyib ki, cinayət işinin başlanmasına da, cinayət təqibinə xitam verilməsi məsələlərinə prokurorluq nəzarət edib: “Əgər cinayət işinin başlanması ilə bağlı verdiyimiz təqdimatlar düzgün olmasaydı, baş prokurorun birinci müavini Rüstəm Usubov sənədləri imza etməzdi. 613 saylı cinayət işini prokurorluq təsdiqləyib”.
Vüsal Ələkbərov həmçinin bildirib ki, işdə olan ifadələrdə qrammatik səhvlər var: “Bir daha sübut olunur ki, işdə olan ifadələr, izahatalar eynidir, bir-birindən köçürülüb. Bu da mənə qarşı kampaniyadır, xidməti fəaliyyətim ilə bağlıdır”.
Cinayət işinin 7-ci cildinin elan edilməsi zamanı da mübahisəı yaranıb. Vüsal Ələkbərov həmin cilddə olan Zal Yusifov və digərlərinin barəsində olan 613 saylı cinayət işində çıxarılan çıxarışların tamamilə elan edilməsini istəyib. Bildirib ki, həmin sənədlər elan olunduğu halda barəsində cinayət tərkibinin olmadığı, günahsız olduğu sübuta yetiriləcək.
Bundan sonra 7-ci cild və digər cildlərdə olan sənədlər açıqlanıb.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib və çıxış etmək üçün prokurora söz verilib. İttiham nitqi ilə çıxış edən prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin Vüsal Ələkbərovun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəyib.
Növbəti məhkəmə iclası mayın 22-də davam edəcək.
Hacı Zeynalov