16 İyul 2014 15:18
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynana və qaynatasını öldürməkdə təqsirli bilinən Hacıqabul rayon sakini, 1966-cı il təvəllüdlü Bayram Həsənovun məhkəməsi keçirilir. İttihama görə, hadisə bu il yanvarın 1-də, Novxanı bağlar massivində baş verib.

Bayram Həsənov hadisədən əvvəl dostlarının olduğu kirayə evə gəlib. Onun qeyri-rəsmi həyat yoldaşı Gülnar anası Rəfiqə, atası Nəzər və azyaşlı uşaqları Aytacla həmin evə gəliblər. Onların arasında mübahisə baş verib, Bayram ov tüfəngi ilə qaynanası və qaynatasını öldürüb.

Abşeron polisi onu Binəqədi rayonu ərazisində saxlayıb. Bayram Həsənov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7-ci (xüsusi amansızlıqla, tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq silah hazırlama) maddələri ilə ittiham olunub.
Cinayət işinə hakim Rauf Əliyevin sədrlik etdiyi kollegiya baxır.

"Gülnar mənə 8900 manat pul verdi"

Bayram Həsənov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki, 2000-ci ildə Gülnarə Həsənova ilə rəsmi ailə qurub. Onun sözlərinə görə, Gülnarə ilə nikahdan 3 uşağı var: "2006-cı ildə isə Gülnar Hüseynova ilə qeyri-rəsmi ailə həyatı qurmuşam. Aytac adlı qızımız dünyaya gəlib. Hazırda Aytacın 5 yaşı var. 2012-ci ilin noyabr ayında Gülnarla yola getmədik və ayrıldıq. 2011-ci ildə Gülnar mənə 8900 manat pul verib dedi ki, atası Nəzər Hacıqabulda torpağını satıb, bu pula Gülnara və qardaşı Ruslana torpaq almaq istəyir. Mən də pulu götürdüm, üstünü düzəldib Novxanıda Emin adlı şəxsdən 11 min manata 4 sot torpaq aldım. Sonradan hissə-hissə olmaqla 3900 manat pulu Nəzərə qaytardım.

Qaynatama torpağı Gülnarın adına rəsmiləşdirəcəyimi bildirdim. Lakin qaynatam bununla razılaşmadı".
Təqsirləndirilən şəxsin sözlərinə görə, ötən il dekabrın 24-də Novxanıda dəniz kənarında motosikletlə yol qəzası törədib: "Sumqayıt şəhər xəstəxanasında bir neçə saat həkim müayinəsində olmuşam. Lakin həkimlərlə yola getmədiyimdən əsəbləşərək xəstəxanadan qaçdım. Son vaxtlar Gülnar Hüseynovaya tez-tez zəng vurub qızım Aytacı yanıma gətirməsini istəsəm də, Gülnar buna əməl etmirdi. Bir neçə ay əvvəl Gülnar Hacıqabul rayon məhkəməsinə müraciət edərək atalığımı müəyyən etdirmiş və məhkəmə Aytac üçün mənə aliment təyin etmişdi. O vaxtdan hər ay poçt vasitəsi ilə 90-150 manat arası aliment ödəmişəm. Pulum olduqda artıq da ödəmişəm.

Dekabrın 31-də, günorta saatlarında Gülnarın mobil telefonuna zəng etdim. Ona yol qəzasına düşdüyümü, uşağı gətirməsini, özlərindən başqa heç kimin gəlməməsini istədim. Gülnar yanvarın 1-də uşağı gətirəcəyini bildirdi. Özüm birinci arvadım Gülnarə ilə yaşadığım evdə deyil, yaxınlıqdakı Novxanı kəndində yerləşən fərdi yaşayış evində görüş təyin etdim. Evin sahibi Səməd adlı şəxsdir. Əvvəllər orda Gülnarla birlikdə yaşamışam. Evdə qalan 3 iş yoldaşım dekabrın 30-da bayram münasibətilə Hacıqabula gedəndə açarı mənə vermişidlər".

"Tüfəngin görünməməsi üçün qarşısına ayaqqabı qoydum"

Bayram Həsənov deyib ki, yanvarın 1-də, səhər saatlarında öz ailəsi ilə qaldığı evdə yemək yeyib. Sonra açarı götürüb Gülnarla görüşəcəyi evə gedib: "Özümlə kolbasa, çörək, araq, qızım Aytaca şirniyyat və sok da götürmüşdüm. Evdə giriş qapısı ilə üzbəüz otağın qapısının qıfılını açdım və həmin otaqda döşəyin altında gizlətdiyim özümə məxsus lüləyi kəsik qoşalüləli ov tüfəngini patron kəməri ilə birgə götürdüm. Həmin tüfəngi uşaqların görməməsi üçün 20-25 gün əvvəl bura gətirmişdim.

Tüfəngi gizlətdiyim otağın qapısını da iş yoldaşlarımın tüfəngi görməmələri üçün qıfılla bağlı saxlayırdım. Tüfəngin hər iki lüləyində bir dolu patron vardı. Ümumiyyətlə, həmişə tüfəngin lüləyində hazır patron saxlamışam. Həmin gün nəm çəkmiş patronları çıxardım. Tüfəngin lülələrini təmizlədim, təzə patron saldım. Sonra tüfəngi, bir ədəd əlavə patronu və patron kəmərini dəhlizdə ayaqqabı şkafının altında gizlətdim. Tüfəngin görünməməsi üçün qarşısına ayaqqabı qoydum".

Saat 14.00-da Gülnar, qızı Aytac, anası Rəfiqə, atası Nəzərlə birlikdə gəliblər: "Onlarla birlikdə çörək yedik, Nəzərlə adama 100 qram araq içdik. Söhbət əsnasında Aytaca aldığım papaq və şərfi, Gülnara aldığım köynək və şərfi, Aytaca bayram münasibətilə ayırdığım 100 manat pulu verdim. Sonra torpaq barədə danışmağa başladıq. Nəzər bir daha həmin torpaq sahəsini özünün adına sənədləşdirəcəyini dedi. Mən isə torpağı yalnız Gülnarın adına sənədləşdirəcəyimi bildirdim. Belə olduğu halda torpağa verdiyi pulu geri qaytarmağımı istədi. Torpağın sahibi Emin adlı şəxslə danışdığımı, bayramdan sonra torpağı satıb, Nəzərin pulunu qaytaracağımı söylədim.

Sonra Gülnara təklikdə mənimlə qalmasını, valideynlərini isə evə göndərməsini demək istədim. Bunun üçün mətbəxə keçib onu yanıma çağırdım. Gülnarın arxasınca anası Rəfiqə də gəldi. Rəfiqə bizə danışmağa imkan vermədi. Nə qədər sağdı bizə tək qalmağa imkan verməyəcəyini, eyni zamanda Gülnara bir kafedə ofisiant işi tapacağını da söylədi.

Gülnarın kafedə işləməsinə etiraz elədim. Dedim ki, kafedə işləsə, Gülnarın başını kəsərəm. Rəfiqə də Gülnarın artıq kafedə işə düzəldiyini, "əgər bacarırsan, başını kəs" dedi, ölülərimə söydü. Anam yaxınlarda öldüyündən Rəfiqənin bu sözlərindən bərk əsəbləşdim".

"Qayınanam "burax oğraşı, vursun" deyib üzümə tüpürdü"

Bayram Həsənovun sözlərinə görə, dəhlizdə gizlətdiyi tüfəngi götürüb və Rəfiqə ilə Nəzərin olduqları otağın qarşısına gəlib: "Bu zaman Gülnar qarşıma çıxdı. O, tüfəngin lüləyini öz sinəsinə sıxaraq yalnız onu vurmağımı, valideynlərinə dəyməməyimi yalvararaq əli ilə tüfəngin tətiyini çəkdi. Lakin tüfəngin qoruyucusu bağlı olduğundan atəş açılmadı. Bu zaman qayınanam "burax oğraşı vursun" deyərək üzümə tüpürdü.

Bundan əsəbləşib tüfəngin lüləyini yuxarı qaldırdım və dəhlizin tavanına bir dəfə atəş açdım. Bu vaxt Rəfiqə, Nəzər və Gülnar hər üçü məni itələdilər və evdən bayıra çıxardılar. Gülnar Rəfiqə və Nəzəri evin içinə saldı, sakitləşdirməyə çalışdı. Rəqifənin telefonla polisə zəng etdiyini eşitdim. Gülnara dedim ki, qoyma anan polisə zəng vursun. Nəzər də Rəfiqənin artıq polisə xəbər verdiyini, indi buraya polis gələcəyini, problem yaranmaması üçün tüfəngi yığışdırmağımı istədi. Rəfiqə isə yenə də məni söyərək, polis çağırdığını və başıma oyun açacaqlarını nalayiq sözlərlə dedi. Bu zaman Rəfiqəni öldürmək qərarına gəldim. Bu məqsədlə Rəfiqə ilə Nəzərin olduğu otağın qapısını ayağımla vuraraq açdım.

Rəfiqə növbəti dəfə məni söyəndə baş nahiyəsinə atəş açdım. Güllə onun sağ gözünə dəydi və həmin an yerə yıxıldı. Bir anlıq pis oldum, divara söykəndim, tüfəng qeyri-ixtiyari əlimdən yerə düşdü. Özüm də aşağı doğru yarı oturulu vəziyyətdə olduğum vaxt Nəzərin üstümə gəldiyini gördüm. Ayağımla Nəzəri vuraraq geri itələdim, tüfəngi götürdüm . Nəzər həmin vaxt üzü Rəfiqənin yerdə qalmış meyitinə tərəf dayanmışdı. Onun "ay oğraş, sən bunu öldürdün" dediyini eşitdim. Tüfənglə Nəzərin boynunun arxa tərəfinə atəş açdım. Güllə onun baş nahiyəsinə arxa tərəfdən dəydi".

"Gülnarın əllərini bağlamaq istədim"

Həmin vaxt Gülnar Bayram Həsənova doğru gələrək güllələnmiş ata-anasına baxmaq istəyib. Qatil onun qarşısını kəsib və dəhlizdən sağdakı otağa aparıb: "Həmin vaxt Aytac da ordaydı. Gülnar qışqırmağa başladığından yumruqla vurdum. Otaqdakı skoçla heç yerə qaça bilməməsi üçün əllərini bağlamaq istədim. Amma skoçu aça bilmədim. Bu vaxt evin giriş qapısının açıldığı səsini eşitdim. Baxdıqda Nəzərin evdən çıxdığını, həyətin qapısının yaxınlığında güllüyün yanında yerə yıxıldığını gördüm.

Artıq Nəzərin heç yerə qaça bilməyəcəyinə əmin olduğumdan evə qayıtdım. Bu vaxt Gülnar otağın pəncərəsini açaraq evdən qaçmaq istəyirdi. Evin qapısı yanından çəliyi götürüb onu vurmağa başladım. Gülnar huşunu itirdiyindən yerə yıxıldı. Rəfiqənin olduğu otağa getdim. Dəhlizdən götürdüyüm patron kəmərini yatağın döşəyinin altına qoydum. Dəhlizdən bayıra baxdım: Nəzər yenidən ayağa qalxıb həyətin qapısının dəstəyini açmaq istəyirdi. Tez ona tərəf qaçıb əlimdəki çəliklə arxa tərəfdən Nəzərin bədəninin müxtəlif nahiyələrinə, eləcə də baş nahiyəsinə vurdum. Zərbələrin təsirindən Nəzər yerə yıxıldı.

Bundan sonra həyət qapısını açaraq bayıra baxdım, heç kimin olmadığını görüb qapını arxadan bağladım. Nəzər artıq ölmüşdü. Sonra evin səkisinin yanında yerə atdığım tüfəngi götürdüm, bayır qapının açıq qalmaması üçün həyətin divarına çıxdım. Divarın üstü ilə küçəyə tərəf gəldim, oradan yerə tullandım. Küçədən magistral yol istiqamətində gedəcəyim təqdirdə irəlidəki polis idarəsi əməkdaşlarının məni görə biləcəyi üçün əks tərəfə yönəldim".

Ən ağır cəza tələb etdi

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Ləman Hüseynova bildirib ki, Gülnar onun bacısıdır. Onun sözlərinə görə, Gülnar 2006-cı il tarixdən Bayram Həsənov ilə qeyri-rəsmi ailə quraraq yaşayıb. O, deyib ki, yanvarın 1-də, saat 11 radələrində bacısı Gülnar, qızı Aytac, anası Rəfiqə və atası Nəzərlə birlikdə Abşeron rayonu Novxanı kəndinə Bayramla görüşməyə gediblər: "Saat 14 radələrində bacım Gülnar qardaşım Ruslanın mobil telefon nömrəsinə zəng etdi. Gülnar Bayramın tüfənglə atamı, anamı öldürdüyünü və özünün Abşeron rayon Polis Şöbəsində olduğunu bildirdi. Ruslan bunu eşidən kimi dərhal polis şöbəsinə getdi. Mən evdə qalmışdım".

Zərərçəkmiş Gülnar Hüseynova da ifadəsində hadisəni olduğu kimi danışıb. O, atası və anasını öldürən Bayram Həsənovun ən ağır cəzaya məhkum olunmasını istəyib.

Cinayət işi üzrə Bayram Həsənovun digər həyat yoldaşı Gülnarə Həsənova şahid qismində tanınıb. Gülnarə Həsənovanın sözlərinə görə, 2003-cü ildən Bayramla rəsmi ailə həyatı qurub: "Bayramla birgə nikahdan 3 övladım var. Onların üçü də azyaşlıdı. Əvvəl Hacıqabulda yaşamışıq. Sonra Bayram Abşeron rayonu Novxanı kəndində işə düzəldi. Buna görə də Novxanıda kirayə evdə yaşamışıq. Bayram təxminən 6-7 il bundan əvvəl Gülnar Hüseynova adlı qızla tanış olub. 2010-cu ildən etibarən Abşeron rayonu Novxanı kəndində kirayə ev götürüb və Gülnarla yaşamağa başlayıb. 2013-cü ildə Bayram evə qayıdaraq Gülnardan ayrıldığını, amma Gülnarın uşağa görə onu məhkəməyə verdiyini, aliment kəsdirdiyini dedi".

Məhkəmədə prokuror Bayram Həsənovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Yaxın günlərdə məhkəmə hökmü elan edəcək.

Hacı Zeynalov


Müəllif: