25 May 2017 16:58
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yasamal rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən Nigar İsmayılzadə bildirib ki, fakültənin dördüncü kurs tələbəsi Zəka Mirağayev mediada ona böhtan atıb, rüşvətxor adlandırıb.

Nigar İsmayılzadənin sözlərinə görə, Zəka Mirağayev 14 ildir universiteti bitirə bilmir: “Barəmdə ittihamlar səsləndirən tələbəni kimlərsə öyrədir”.

Daha sonra Nigar İsmayılzadənin vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edib.

Bildirilib ki, dekan müavini tələbənin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyib. Xüsusi ittihamçı “anaxeber” saytında yayılmış yazıdakı “Nigar İsmayılzadə “İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edib.

Tələbənin vəkili Elçin Sadıqov iddiaya əlavənin icraata qəbul olunmasına etiraz edib. Etiraza baxmayaraq, iddiaya əlavə icraata qəbul olunub.

Daha sonra məhkəmədə ifadə verən Zəka Mirağayev özünü təqsirli bilməyib. O, bildirib ki, əlində rüşvətlə bağlı video-çəkilişlər var.

14 ildir universiteti bitirə bilməməsilə bağlı dekan müavininin dediklərinə gəlincə, Zəka Mirağayev deyib ki, 2005-ci ildə rüşvətə etirazına görə universitetdən çıxarılıb, 2014-cü ildə yenidən bərpa olunub.

Proses iyunun 8-də davam edəcək.

Nigar İsmayılzadə iddia ərizəsində Zəka Murağayevin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını istəyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər