17 İyul 2014 11:57
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda üç nəfərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib.

Bu barədə Teleqraf.com-a Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Kürqaraqaşlı kənd sakini Taleh Eyvazov evindən külli miqdarda qızıl zinət əşyaları və pul oğurlanması barədə Salyan rayon Polis Şöbəsinə məlumat verib.

Dərhal istintaq əməliyyat tədbirlərinə başlanılıb və cinayəti törətmiş şəxslər - Təbriz Bağırov, Ramiq Hüseynov və Fərid Gülməmmədov müəyyən edilərək saxlanılıb.

Dəstə üzvləri bildiriblər ki, gözəgəlimli evləri müəyyən edərək əvvəlcə ətrafda müşahidələr aparıblar. Daha sonra isə ev sahiblərinin evdə olmadığı vaxtlarda qapını və ya pəncərəni sındırma yolu ilə içəri daxil olublar.

Təbriz Bağırovla Ramiq Hüseynov otaqları axtarıb. Fərid Gülməmmədov isə pusquda dayanaraq gəlib gedənə nəzarət edib. Təkcə vətəndaş Taleh Eyvazovun evindən 3860 manat dəyərində qızıl və külli miqdarda nəğd pul talanıb.

İstintaqla daha sonra dəstə üzvlərinin digər cinayətlər törətdiyi də üzə çıxıb. Məlum olub ki, saxlanılan şəxslər ayrı-ayrı vaxtlarda vətəndaşların evlərinə girərək pul, qızıl və həyətyanı sahələrdən mal-qara da oğurlayıblar.

Aparılan digər əməliyyat axtarış tədbirləri nəticəsində 2014-cü ilin əvvəllərindən başlayaraq rayon ərazisindəki kəndlərdən vətəndaşlara məxsus xeyli sayda iri və xırda buynuzlu mal qara oğurlayan şəxslər də tutularaq istintaqa təhvil verilib.

Əməliyyat zamanı Mənsur Məmmədzadə və Amal Mehdiyev mal-qara oğurlayarkən polis əməkdaşları tərəfindən cinayət başındaca yaxalanıb.

Hacı Zeynalov


Müəllif: