1 İyun 2017 16:07
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib. Bundan başqa, məhkəmə təqsirləndirilən Məhəmməd Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manat məbləğində mülki iddianı Cahangir Hacıyevdən tutulması ilə bağlı qərar çıxarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.

Digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.

Təqsirləndirilən şəxslər hökmdən apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirdilər.


Müəllif: Hacı Zeynalov