1 İyun 2017 17:25
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Səbail rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutan prosesdə Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev vəsatət verib.

O, hüquqlarını müdafiə etdiyi şəxsin şüşə kabinədən çıxarılıb və vəkillərinin yanında əyləşməlidir. Məhkəmə vəsatəti təmin edib.

Faiq Əmirlinin digər vəkili Aqil Layıcov işdə sübut kimi sadalanan əşyaların məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb. Vəkil deyib ki, əvvəl Faiqin avtomobilinə Fətullah Gülənin kitablarını atıblar, sonradan sübutlar siyahısından çıxarıblar. Hakim müdafiə tərəfinin bu vəsatətini də təmin edib.


Bildirib ki, şahid ifadələrindən sonra sənədlərin tədqiqi mərhələsində həmin sübutlar da təqdim olunmalıdır.
Daha sonra prokuror Vüsal Abdullayev ittihamı elan edib.

Faiq Əmirli ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, vergi orqanı rəqəmləri şişirdib, yayım firmalarının 35-40 faizlik gəlirlərini, maya dəyərini nəzərə almadan satış qiymətini qəzetin qazancı kimi hesablayıb.

Faiq Əmirli əlavə edib ki, həbsindən ay yarım əvvəl izlənilib və bu barədə Daxili İşlər Nazirliyinə də müraciət edib.

Vəkil Aqil Layıcov “Azadlıq” qəzetinə qarşı vergi iddiasının Faiq Əmirliyə yönəldilməsinə etiraz edib: “Səyyar vergi yoxlaması da “Azadlıq” qəzeti ilə bağlı olub, Faiq Əmirli haqda yox. İş o qədər əyridir ki, onu düzüb-qoşanlar baş-ayağını yığa bilmirlər. Xahiş edirəm, vergi iddiası qəbul olunmasın, Vergilər Nazirliyinin əməkdaşının da prosesdə iştirakına xitam verilsin”.

Hakim vəsatəti təmin etməyib. Növbəti proses iyunun 12-də davam edəcək.

Ötən il avqustun 20-də saxlanılan Faiq Əmirli Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.

Onun avtomobilindən FETÖ rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.


Müəllif: Hacı Zeynalov