2 İyun 2017 12:48
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun işi üzrə hadisə yerində mərmər daşlara baxış keçirilib.

Teleqraf.com xəbər verir ki, baxışın keçirilməsi "Sahil" MTK-nın inşa etdiyi binada baş tutub.

Baxışda Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrlik etdiyi kollegiya (hakim heyəti: Camal Ramazanov və Sahibxan Mirzəyevdən ibarətdir -red.), prokuror, onun vəkilləri, zərərçəkmiş Yusif Əzizov iştirak edib.

Məhkəmənin qərarına görə, Maşallah Əhmədovun özü də baxış iştirak edib. Baxışa Maşallah Əhmədovun oğlu və vəkili Əli Hüseynov da qatılıb.

Binanın qarşısında zərərçəkmiş Yusif Əzizov hakimə arayış verib. O, aqlay daşları, onların ölçüləri və qiyməti barədə danışıb. Sonra tərəflər binanın üzlüyünə və pilləkənlərə vurulan mərmər daşlara baxış keçiriblər.

Binanın qarşısında baxış keçirən hakimlər jurnalistlərin çəkiliş aparmasına imkan verməyib. Hakim Faiq Qasımov bildirib ki, məhkəmə iclasında jurnalistlərin iştirakına şərait yaradılıb, çəkilişə isə ehtiyac yoxdur.

Hakimin xəbərdarlıq etməsinə qədər çəkiliş aparsaq da, xəbərdarlıqdan sonra çəkilişi dayandırdıq.

Baxış yerinə Maşallah Əhmədov konvoy vasitəsi gətirilib və birbaşa binanın içərisinə keçirilib. Hakim mətbuat nümayəndələrini binanın içərisinə keçməsinə icazə verməyib.

Maşallah Əhmədovun vəkili Əli Hüseynov bildirib ki, baxış zamanı müvəkkili haqlı çıxıb: “Daşların ağ olması da baxış zamanı müəyyən edildi. Amma zərərçəkmiş iddia edirdi ki, mərmərlər qara daşlardır. Belə olan halda ittihamın mahiyyəti də, dəymiş ziyanla bağlı məbləğ də dəyişəcək”.

Növbəti proses iyunun 6-da davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maşallah Əhmədov və onun vəkili Samir Abdullayev apelyasiya şikayəti verib.

Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəza verilməsini istəyir.

Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.


Müəllif: Hacı Zeynalov, Elçin Murad