2 İyun 2017 15:02
1 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən Elmir Alxasov və Ramil Əsirov özlərini qismən təqsirli biliblər. Digərləri isə özlərini təqsirli bilməyib.

Vəsatətlə çıxış edən Elmir Alxasov məhkəmə iclasının qapalı keçirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər də onunla razı olduqlarını deyiblər.

Zərərçəkmiş Elnur Hümmətovun hüquqi nümayəndəsinin vəkili Bəylər Məmişov isə vəsatətin təmin olunmamasını xahiş edib. Vəkilin fikrincə, təqsirləndirilən şəxs prosesin qapalı keçirilməsi zərurətini izah edə bilməyib: “Əgər onlar istintaqdakı kimi bir-birinin əleyhinə ifadə verəcəklərsə, o zaman qapalı keçirilə bilər. Lakin indiki halda prosesin qapalı keçirilməsinə heç bir səbəb yoxdur”.

Hakimlər vəsatəti təmin etməyib.

Sonra Fuad Məmmədzadə sərbəst ifadə verib.

O, bildirib ki, təqsirləndirilən Elmir Alxosovla sinif yoldaşı olub: “Elmirlə məktəbdən sonra bir neçə dəfə görüşmüşük. Mən universiteti bitirdikdən sonra kompüter mütəxəssisi kimi çalışırdım. Bir gün mənə zəng etdi ki, tanışın evini pulu olmadığı üçün havayı təmir edirlər. O, kömək lazım olduğunu dedi. İşdən çıxandan sonra köməyə gələcəyimi dedim. İki gün onlara kömək elədim, palçıq qarışdırdım, daş daşıdım. Burda mühakimə olunan digərlərini də orda tanımışam. Evin Cavidə məxsus olduğu mənə məlum idi”.

Fuad Məmmədzadənin sözlərinə görə, hadisə baş verən günü Elmir ona zəng edib və yeyib-içməyə çağırıb: “Elmir dedi ki, təmir zamanı kömək eləməsən də, gəl, ye iç. Dedim işdən çıxandan gələrəm.

Bildirdi ki, Abbas dalınca gələcək. Saat 2-də Abbas gəldi, onun maşınında Qala qəsəbəsinə getdik. Evə çatmağımıza 100 metr qalmış Elmir gördük. Onun rəngi ağappaq olmuşdu. Səbəbini soruşduq, heç nə demədi. Evə girən zaman Elnur Hümmətov yerdə uzanmışdı, ağzından köpük və qan gəlirdi.

Heç nə soruşa bilmədim. Ramil da orada idi. Mənə dedi ki, sənlik bir şey yoxdur, qohumlar arasında söz-söhbət olub. Bildirdi ki, bu barədə heç nə demə, kimə desən, səni də, ailəni də öldürərik”.

Fuad Məmmədzadənin ifadəsinə görə, Abbasdan onu evinə aparmasını xahiş edib: “Abbas da məni evimə apardı. Həmin gündən onların heç biri ilə görüşməmişəm, əlaqə saxlamışam”.

Təqsirləndirilən qeyd edib ki, heç zaman narkotik vasitələrdən istifadə etməyib: “Nə narkotik satışı ilə məşğul olmuşam, nə də becərilməsində iştirak eləmişəm. Bu uşaqların narkotiklə əlaqəsindən də xəbərim olmayıb. Bilsəydim, onlarla əlaqə saxlamazdım”.

Fuad Məmmədzadə digər təqsirləndirilən şəxslərdən qorxduğu üçün baş verən qətllə bağlı heç kimə məlumat vermədiyini deyib.

Prokuror bildirib ki, təqsirləndiriləb Fuad Məmmədzadənin istintaqa verdiyi ifadələrlə məhkəmədəki danışdıqları arasında ziddiyyət var. Dövlət ittihamçısı buna görə onun istintaq ifadəsinin elan edilməsini istəyib.

Hakim vəsatəti təmin edib və sonra onun istintaqa verdiyi ifadələr elan edilib.

Fuad Məmmədzadə istintaqa bildirib ki, internet vasitəsi ilə bir sayta girməklə kod adı “AK-48” adlanan marixuana toxumlarını İngiltərə və Hollandiyadan öz adına sifariş verib: “Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Kapitalbank”ın filialında toxumun bir paketinə 350 avro ödədim. Marixuana toxumlarını isə “Memar Əcəmi” metrosunun yaxınlığında yerləşən “AZ 1102” indeksli poçt şöbəsindən götürdüm. İnternetdən öyrəndiyim qaydada toxumları bir gün suda islatdım, hər dibçəyə bir toxum əkdim. 25 ədəd dibçəkdə olan narkotik vasitəni sarı işıq verən projektorun altında becərdim. Ramil, onun qardaşı Elnur, Abbas, Cavid və Elnur Hümmətov həmin evdə növbə ilə qalıb, bitkilərə nəzarət ediblər. Narkotik vasitəni əkib-becərməyimizdən bizdən başqa heç kəs bilməyib”.

Təqsirləndirilən şəxsin istintaqa ifadəsində baş verən qətldə iştirak etdiyini, meyiti sonra basdırdıqlarını ətraflı danışıb.

Bildirib ki, narkotik vasitə becərmələrindən Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər və buna görə onu öldürüblər.

Növbəti proses iyunun 16-da davam edəcək.

İttihama görə, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.

Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.

Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.

Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasını deyə ora beton da töküblər.

Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.

Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.


Müəllif: Hacı Zeynalov