2 İyun 2017 19:12
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Vüsal Ələkbərovun vəkilləri çıxış edib. Vəkilləri qeyd edib ki, verilən ittihamlarda Vüsal Ələkbərovun heç bir günahı yoxdur: "Vüsal Ələkbərova mütəşəkkil dəstə tərkibində ittiham verilib. Amma ittihamda dəstə üzvlərinin adları göstırilməyib. Bütün bunlar ittihamın qurama olduğunu göstərir".

Vəkillər çıxışlarının sonunda Vüsal Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Daha sonra hakim Vüsal Ələkbərova son sözlə çəxış etmək üçün söz verib. Amma o, çıxışa hazır olmadığını çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Növbəti proses iyunun 16-da davam edəcək. Məlumat üçün bildirək ki, prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İstintaq sənədlərinə görə, Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com