3 İyun 2017 10:39
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Rüstəmovun apelyasiya şikayəti üzrə məhkəmə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi 2016-cı ilin yanvarın 7-də baş verib. Fərid Abbasovun üzərində zorakılıq əlamətləri və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonundakı mənzildə tapılıb.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin Lerik rayon sakini Vüqar Rüstəmov olduğu müəyyən edilib və o, həbs olunub.
Qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

Təqsirləndirilən Vüqar Rüstəmov ifadəsində iş axtarmaq məqsədilə “fəhlə bazarı”na çıxdığını, mərhum Fərid Abbasovu da oradan tanıdığını bildirib:

“Mənzilindəki elektrik xətlərini düzəltməyimi istədi, razılaşdım. Gördüyüm işə görə gündəlik 15 manat pul verirdi. İşlərim bitdikdən sonra da biz mütəmadi görüşürdük. Bir dəfə dedi ki, sən Rusiya vətəndaşısan, Rusiyadan və Ukraynadan cins itlərin gətirilməsində kömək etsən, satışdan əldə olunan puldan sənə də verərəm. Mən də razılaşdım. Rusiya vətəndaşı olduğuma görə orada tanışlarım çox idi. Bu barədə oradakı tanışlarıma dedim, ünvanlarını Fəridə verdim. Özü gətizdirir, satdırırdı”.

Vüqar Rüstəmovun sözlərinə görə, əldə olunan pulu yarı bölməli imişlər:

“Hadisə baş verən gün yenə “Xalqlar Dostluğu” metrosunun yaxınlığındakı “fəhlə bazarı”nda idim. Görüşdük, girdi mağazaya, nəsə aldı, evə gəldik, birlikdə içdik. Qəfildən məni təhqir etdi. Bundan sonra aramızda əlbəyaxa dava başladı. Mən nə qədər yalvardım ki, buraxsın, əl çəkmədi, məni boğmaq istəyirdi. Fiziki cəhətdən məndən güclü idi. Əlimə külqabı keçdi. Külqabı ilə başına vurdum. Neçə zərbə vurduğum yadımda deyil. Bundan sonra əlimin qanını yudum və sonra onun əlini və ağzını skoçla bağladım, külqabını zibil yeşiyinə atdım. Mən o evdən nə pul, nə də telefon götürmüşəm”.

Zərərçəkmiş Vahid Abbasov prosesdə ifadə verərkən qətlin əvvəlcədən planlaşdırıldığını deyib:

“Bu adam yalan danışır. Oğlumun 5 minə yaxın pulu olduğunu bilirdi. Ona görə də evə hazırlıqlı gəlmişdi. Çantasında skoç, kəndir və beşbarmaq olub. Qətldən sonra qapını bağlayıb gedib. Anası, mən gəlib görürdük qapı bağlıdır. Belə adamların insanlarla ünsiyyətdə olması təhlükəlidir. Xahiş edirəm ona layiqli cəza verəsiniz”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Rüstəmov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Vüqar Rüstəmov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Həmçinin zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verib və Vüqar Rüstəmovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, tərəflərin şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov